İlham Əliyev: Türkiyə gücləndikcə Azərbaycan da güclənir

siyaset
11-07-2017, 13:00 894
İlham Əliyev: Türkiyə gücləndikcə Azərbaycan da güclənir
“Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına sülh, rifah, tərəqqi arzulayıram”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı Türkiyənin bu gün dünya miqyasında böyük güc, dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malik olduğunu qeyd edib.

“Bütün bu uğurlar qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi altında əldə edilib. Bu gün Türkiyə sürətlə inkişaf edir, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə şərəfli bir yol keçib. Bugünkü toplantı da bunun təzahürüdür. Türkiyə gücləndikcə Azərbaycan da güclənir, sevinir. Fürsətdən istifadə edərək, Türkiyə xalqına Azərbaycandan bacı və qardaşlarının salamlarını çatdırıram”, - deyə İlham Əliyev vurğulayıb.

“Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır, əməkdaşlıq çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən, enerji sahəsində Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli, strateji layihələrin icrasına imkan verib”, - deyə dövlət başçısı bildirib.

Azərbaycan prezidenti deyib ki, bu layihələrin içərisində Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihəsi qeyd edilməlidir: “Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan qədim neft diyarıdır. Dünyada sənaye üsulu ilə neft ilk dəfə Azərbaycanda - 1846-cı ildə Bakıda çıxarılıb. Ondan bir əsr sonra, 20-ci əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft Xəzərin Azərbaycan sektorunda Azərbaycan neftçiləri tərəfindən hasil edilib. Ancaq o vaxt Azərbaycan müstəqil deyildi və biz təbii sərvətlərimizdən tam istifadə edə billmirdik. Müstəqillik illərində Azərbaycan xalqı öz taleyinin, sərvətlərinin sahibi oldu və müstəqillik dövründə bu təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halına xidmət etməyə başladı. Müstəqilliyimizin ilk illərində, 1994-cü ildə Azərbaycan ilk dəfə Xəzər dənizini xarici sərmayədarların üzünə açdı. 1994-cü ildən Azərbaycanın neft sənayesinə böyük sərmayələr qoyulmağa başlanıb. 1994-cü il həm də ona görə əlamətdardır ki, həmin il “Əsrin müqaviləsi” imzalanıb və bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulmasında əsas rol oynayır”.