"Ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik edirəm"

musahibe
28-08-2015, 10:19 896
"Ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik edirəm" "Ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik edirəm"
Tahir Gözəl: "Bizim standart mükafat siyasətimiz var"
Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda İsveçrənin "Yanq Boys" klubu ilə qarşılaşan "Qarabağ" böyük hesablı qələbə qazanıb.
Ağdam təmsilçisi ilk oyunda 1:0, Bakıdakı dueldə isə 3 cavabsız topla qələbə qazanmaqla, ardıcıl ikinci dəfə qrup mərhələsində oynamaq hüququ əldə edib. Oyun başa çatdıqdan sonra "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl qələbə sevincini jurnalistlərlə bölüşüb:
- Görüşlə bağlı təəssüratınızı bilmək istərdik...
- Ən gözəl oyun idi. Maraqlı qarşılaşma və gözəl nəticə münasibətilə bütün "Qarabağ"lıları, ürəyi bizimlə döyünənləri təbrik edirəm. Biz 3 il əvvəl bu komandanı keçə bilməyən "Fənərbaxça"nın da qisasını almış olduq. Vacib qələbə idi, çox sevinirik. Komandamızla qürur duyuruq.
- Qrup mərhələsinin oyunları üçün Olimpiya stadionunu sifariş verəcəksiniz?
- Hazırkı məqamda bu suala cavab verə bilməyəcəm. Bu haqda qarşıdakı günlərdə açıqlama olacaq.
- "Qarabağ" bəs çempionat oyunlarını hansı arenada keçirəcək?
- Oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyik. Qazonun dəyişdirilməsi gündəmdədi. Suraxanıdakı stadionumuz hazır olduqdan sonra Premyer Liqa qarşılaşmalarını orada keçirəcəyik.
- Qrup mərhələsinə adladığınıza görə yeni transferlər nəzərdə tutulubmu?
- Bu dəqiqəyə belə bir planımız yoxdu. Komanda formalaşıb. Əfran İsmayılovu bu cür formada görmək bizi sevindirdi. Onun istedadı bizə məlum idi. Əfran bu gün şir kimi mübarizə apardı. Komanda özünə gəlib, yaxşı oyun nümayiş etdirir.
- Futbolçuları mükafatlandıracaqsınızmı?
- Bizim standart mükafat siyasətimiz var. Sponsorlarımız komandaya lazımi yardımı göstərir. AFFA prezidenti də futbolçulara mükafat vəd etdi verdi. Biz də həmin mükafatı almağa gedəcəyik.
- "Qəbələ" səfərdə "Panatinaikos"la qarşılaşır. Bu oyun haqda nə deyə bilərsiniz?
- Çox çətin oyundu. "Qəbələ"yə uğurlar arzulayıram. "Panatinaikos" çətin rəqibdi. Xoş xəbərlər gözləyirik.
- Bu gün stadion tam dolmamışdı. Buna münasibətiniz necədi?
- "Qarabağ" artıq Avropaya uyğun futbol oynayır. Klub ayaqda qalmaq üçün özü gəlir əldə etməlidi. Bunun üçün də biletlərin qiymətində cüzi də olsa dəyişiklik etdik. Bir qədər qiymətləri yüksəltdik. Bu addım azarkeşlərin stadiona gəlişinə təsir etdi. Amma hamımız kluba dəstək olmalıyıq. Böyük klub görmək istəyiriksə, 10-15 manatımızdan keçməliyik. Bu gün stadiona gəlməyənlər nəyi qaçırdıqlarını anlamış oldular. "Qara bazar"a qarşı mübarizəmiz də davam edir. / apasport