Moldova prezidentinin şərəfinə rəsmi nahar verilib

siyaset
23-06-2017, 22:08 1182
Moldova prezidentinin şərəfinə rəsmi nahar verilib
Azərbaycan Prezidenti İlham Əliyevin adından Moldova prezidenti İqor Dodonun şərəfinə rəsmi nahar verilib.

Realfakt.Az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

11:44

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Moldova prezidenti İqor Dodonun geniş tərkibdə görüşü olub.

Oxu.Az-ın məlumatına görə, prezident İlham Əliyev əminliyini ifadə edib ki, bu səfər əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacaq.

“Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizin gəlişinizə çox şadam. Biz artıq ikitərəfli münasibətlərin mühüm məsələlərinə, regional problemlərə dair fikir mübadiləsi aparmışıq. Bu gün biz artıq işimizi geniş tərkibdə davam etdiririk. Əminəm ki, bu səfər əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacaq, biz bunda maraqlıyıq. Bunun üçün çox böyük potensial var. Bugünkü fikir mübadiləsi onu göstərir ki, baş verən hadisələrə bizim yanaşmalarımız və qiymətləndirmələrimiz arasında ümumi cəhətlər çoxdur. Əlbəttə, bu gün biz münasibətlərimizin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq. Həm siyasi dialoq sahəsində, həm də ticari-iqtisadi sahədə bizim münasibətlərimizə dinamizm vermək lazımdır. Potensial var, hansı məsələlərə diqqət yetirməyin lazım olduğunu bilirik. Düşünürəm ki, səfərin yekunlarına əsasən müvafiq dövlət qurumlarına bütün zəruri tapşırıqlar veriləcəkdir ki, hər istiqamət üzrə təbirlər planı müəyyən edilsin və həmin plan reallaşdırılsın”.

Prezident İqor Dodon isə Moldova və Azərbaycan prezidentlərinin yüksək səviyyədə görüşdüyündən məmnunluğunu ifadə edib: “İndicə biz xatırladıq ki, son 8-10 ildə görüşməmişik. Buna görə bu görüşümüzü çox vacib hesab edirəm. Bu gün biz ali siyasi səviyyədə ikitərəfli münasibətlərimizə yeni təkan verəcəyik. Hökumətlərarası komissiyanın işində də çox böyük fasilə olub. Mənim hökumətlərarası komissiyaya rəhbərlik etmək təcrübəm var. Mən bir neçə il ərzində Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının Moldova tərəfdən rəhbəri olmuşam. Bizim çox böyük potensialımız var və mən çox ümid edirəm ki, ali səviyyədə görüşün nəticələrinə əsasən ən yaxın vaxtda hökumətlərarası komissiyanın işinə də yeni təkan verəcəyik. Ümidvarıq ki, bu il hər iki tərəfdən nazirlərimizin də görüşü olacaq. Hər halda daha fəal əməkdaşlıq etmək üçün bilavasitə konkret layihələr, konkret addımlar nəzərdən keçiriləcək. Əlbəttə, bizim ticarət sahəsində müsbət dinamika var. Keçən il bu sahədə artım 30 faizdən çox olub. Lakin ticarətin həcminin 5 milyon dollara yaxın olması çox kiçik göstəricidir. Ümidvaram, hökumətlərarası komissiya çərçivəsində bizim biznesmenlərin də buraya, Bakıya səfərini təşkil edə biləcəyik ki, onlar özlərinin potensial tərəfdaşları ilə görüşsünlər”.

11:33

İyunun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti İqor Dodonla təkbətək görüşü olub.

Oxu.Az xəbər verir ki, Moldova Prezidenti İqor Dodonu salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:

- Xoş gəlmisiniz. Əminəm ki, səfər yaxşı keçəcək və ikitərəfli münasibətlərin mühüm məsələlərini müzakirə edəcəyik. Bir çox məsələlər üzrə bütövlükdə fikir mübadiləsi aparacağıq. İkitərəfli münasibətlərə əhəmiyyətli dinamika vermək də vacibdir ki, çox iş görmək mümkün olsun. Sadəcə, həm rəhbərlik, həm də nazirlər, bütün əməkdaşlar fəal işləməlidirlər. Azərbaycana xoş gəlmisiziniz!

Moldova Prezidenti İqor Dodon bildirib:

- Hörmətli cənab Prezident. Mən çox şadam ki, Sizin dəvətinizlə Azərbaycana bu rəsmi səfəri təşkil edə bilmişik. Bizim çox yaxşı ikitərəfli münasibətlərimiz var. Biz may ayında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etmişik. Təəssüf ki, son 5 ildə hökumətlərarası komissiyanın iclasını keçirməmişik. Buna görə də çox ümid edirəm ki, bizim görüşümüz ikitərəfli münasibətlərimizə yeni impuls verəcək. Çünki potensial çox böyükdür. Hələ ki, bundan tam həcmdə istifadə olunmur.

Moldovada çox böyük Azərbaycan diasporu var. Yüz illərdir ki, biz bir yerdə yaşayırıq, onlar özlərini Moldovada yaxşı hiss edirlər. Azərbaycanda bizim diaspor daha azdır. Biz dünən görüşmüşük, təxminən 10-15 nəfər. Lakin biz həmişə sülh və dostluq şəraitində yaşamışıq. Mən ümid edirəm və əminəm ki, gələcəkdə bizi daha yaxşı və gözəl nailiyyətlər gözləyir.

Prezident İlham Əliyev: Çox sağ olun.

11:00

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi olub.

Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Moldova Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Moldova Prezidentinə raport verib.

Moldova Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Prezident İqor Dodon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Moldova Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İqor Dodona, Moldova nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.