«İndi çox adam bilmir ki, orda Allah yazılıb»

arasdirma
27-08-2015, 14:08 1038
«İndi çox adam bilmir ki, orda Allah yazılıb» 1992-ci ildə dövriyyəyə buraxılan manatın eskizlərini hazırlayan xalçaçı rəssam Eldar Mikayılzadə ilə söhbəti təqdim edirik:
- O zaman konkurs oldu. Elçin Məmmədov da eskizlər hazırlamışdı, başqaları da. Sadəcə, mənim eskizlərim qəbul edildi. Baş nazir Həsən Həsənovun yanına dəvət olundum və ilk manatların hazırlanması mənə həvalə edildi.
- Həmin eskizlərdə daha çox xalça elementlərinə üstünlük vermişdiz.
- Bizim Azərbaycan xalqını dünyada tanıdan, ruhunun daşıyıcısı olan xalça sənətidir. Mən də onun üzərində kökləndim. İlk eskizlər tamam başqa cür idi. 7 nominantda işlənmişdi. Azərbaycanın hər bölgəsinin böyük şəxsiyyətlərinin portretləri hazırlanmışdı, mədəni abidələrindən, florasından, faunasından nümunələr vardı. Sonra bəzi hadisələr baş verdi, həmin eskizlər çapa hazır olsa da proses dayandırıldı. Ölkədə dəyişiklik oldu. Çap olunmağa bir ay qalmış həmin eskizlər Parisdə tələsik yenidən işləndi. Onda hər həftə əhval-ruhiyyə dəyişirdi, münasibət dəyişirdi. İş 1991-ci ildən başlanmışdı, onda Ayaz Mütəllibov idi prezident. İlk manatın nümunələri də onun vaxtında gəlməli idi. Amma rəhmətlik Elçibəy prezident olanda pul dövriyyəyə buraxıldı.
- Kimlərin portretini hazırlamışdız?
- Hər bölgədən var idi. Məsələn, Şəkidən Mirzə Fətəli idi, Qarabağdan Üzeyir Hacıbəyov idi, Bakıdan, Gəncədən var idi.
MƏCBUR OLDULAR PORTRETDƏNAZALTDILAR, NAXIŞLARDAN AZALTDILAR»
- Amma sonradan həmin 7 nəfərdən ikisinin üzərində dayandılar: Nizami Gəncəvi və Məmməd Əmin Rəsulzadənin. Səbəb nəydi və siz buna necə baxırdız?
- Bu artıq həm siyasətlə bağlıydı, həm də maliyyə ilə. O vaxt Azərbaycanın maliyyə durumu o qədər yaxşı deyildi. Pul çapı da baha başa gəlir. Hər dəyişiklik olduqca böyük pul itkilərinə səbəb olurdu. Ona görə, məcbur oldular portretlərdən azaltdılar, naxışlardan azaltdılar, rəngləri azaltdılar, pulun «sekret»i var, onu azaltdılar, bu da keyfiyyətə təsir etdi. Amma keçmiş SSRİ məkanında ilk dəfə biz milli pul buraxdıq. Bu, böyük hadisə idi. Ona görə, bu şeylərə fikir vermirdik, deyirdik ki, portret azaldı, rəng azaldı, eybi yox, təki pul çıxsın. Amma bu ikisi də böyük şəxsiyyət idi. Biri dövlətçilik, o biri ruhaniyyat rəmzi idi, ona görə Rəsulzadə ilə Nizami Gəncəvinin şəkilləri qaldı.
«MƏNƏ ELÇİBƏYİN FİKRİNİ ÇATDIRDILAR Kİ...»
- Eldar bəy, sonradan Məmməd Əmin Rəsulzadənin rəsmlərinin həkk olunduğu əskinaslar da dövriyyədən yığışdırıldı və neft buruqları əks olunan pullar çıxdı. Bunu necə qarşıladız?
- Qurban olum, mən sənət adamıyam. Bu sahə haqda düşünmək istəmirəm. Yəni hər kəs işi ilə məşğuldur, mən rəssamam, nə tapşırıblar onu edirəm. Mən nə deyim sizə?
- İndiki əskinasların üstündə heç kimin şəkli yoxdur. Bu gün dövriyyədə olan pul haqda nə fikirləşirsiz?
- Puldur da. O vaxt biz köklənmişdik Azərbaycanın xalça sənətinə, Azərbaycanın tarixinə. Bu gün ümumdünya dizaynı, stili var, indi daha çox ona uyğunlaşdırırlar. O da dövlətin seçimidir, mən ona nə deyə bilərəm? Arzu ayrı şeydir, reallıq başqa şey.
- Bir vətəndaş olaraq siz o pulu necə görmək istərdiz?
- 1991-ci ildə qəbul edilmiş ilk eskizlər ki vardı, orda bütün şəxsiyyətlər, abidələr əhatə olunmuşdu. Əlbəttə o cür görmək istərdim.
- Həmin eskizləri hazırlayanda sizə portretlərlə-filanla bağlı təkliflər çoxmu olurdu?
- Əlbəttə. Hamı istəyirdi ki, öz yerlisinin şəkli olsun, deyirdilər ki, yox, mütləq filankəs olmalıdır. O vaxt pul çapa gedirdi. 1000 manatlığın üstündə Nizami Gəncəvinin şəkliydi, 500 manatlığın üstündə Məmməd Əmin Rəsulzadənin. Mən Parisdə idim, çapa getməyə az qalmışdı. Elçibəy də təzə seçilmişdi. Mənə zəng vurdular ki, qayıt dala. Mənə Elçibəyin fikrini çatdırdılar ki, niyə Rəsulzadə 500 manatlığın üstündədir, o dövlətçilik baxımdan daha böyük adamdı. Mən dedim ki, şəxsiyyət nə qədər böyük olursa, kiçik pula salırlar, məsələn, Vaşinqton kimi. 1 dollar 1 milyon buraxılır, 100 dollar min dənə, misal üçün də. Dedilər ki, yox. Rəsulzadə min manatda olmalıdır. Dəyişdik biz də...
«O PULU DÖVLƏT MÜDAFİƏ FONDUNA KEÇİRDİK»
- Bu işinizə görə sizə pul verildimi?
- O vaxt Milli Bankın sədri Qalib Ağayev idi, o bizi dəvət etdi. Bizə qonorar yazmışdılar. Mən də, dostum da o pulu Dövlət Müdafiə Fonduna keçirdik. Müharibə gedirdi.
- Məbləği ilə heç maraqlanmadız?
- Yox, inanın soruşmadıq.
- Amma işlə bağlı səfərlərə gedirdiz, bu necə həll olunurdu?
- Onda müəyyən hissə dövlət xətti ilə ödənirdi, yemək-içmək özümüzdən idi. O vaxt bu haqda heç fikirləşmirdik.
- Hər dəfə dükanda-bazarda o pulu əlinizə alanda nə düşünürdüz?
- O pulların ilk nümunələrini Bakıya dostumla mən gətirmişəm. Hər nominantdan bir dənə: 1, 10, 25, 100, 250 manat. Hərəsindən bir bağlama vermişdilər. Hətta dedilər ki, bunu çemodandan çıxart, adi çantaya qoy. Dərhal bilinir ki, nəsə qiymətli şeydir. Mehmanxanada yeşiyi sındırdım və idman çantasına qoyub çiynimə alıb gəldim Bakıya. İçimdə bir sevinc vardı ki, kaş biləydilər mən nə aparıram. Bir dənə onda həmin hissi keçirdim, sonra unutdum ki, pulun müəllifi mənəm.
«İNDİ DƏ ÇOX ADAM BİLMİR Kİ, ORDA ALLAH YAZILIB»
- Gerbdə də dəyişiklik etmisiz?
- Gerb o vaxtdan qalmadır. Sadəcə içində alov çəkilmişdi, mən orda alovun yerinə Allah yazdım. Heç kim də bilmirdi, demədik də. Bir nəfərə dedim, o da dedi ki, səsə salma. Çünki Ali Sovetin hamısı kommunistlər idi, başım ağrıyardı. Elə təsadüfən keçdi. İndi də çox adam bilmir ki, orda Allah yazılıb.
- Həmin «bir nəfər» Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə idi?
- Bəli. O da dedi ki, səsə salma.
TƏKİ PULUMUZ VƏTƏNDAŞLARIMIZIN CİBİNDƏ OLSUN»
- Azərbaycan manatını yenidən dəyişdirmək istəyirlər, sizin ideyanız, təklifiniz var?
- Əstəğfürullah. Bu dövlətin işidir, mən ona qarışa bilmərəm. Bu sahədə 10-15 sənətkar dəvət edərlərsə, demokratik bir şey keçirərlərsə, əlbəttə mən də iştirak edərəm. Soruşarlar arzumu deyərəm. Soruşmazlar da Allah xeyir versin. Mənim üçün fərqi yoxdur kim işləyir, necə işləyir, pulumuz nə rəngdə çıxır. Təki pulumuz qüvvətli olsun, söz sahibi olsun. Pulumuz vətəndaşlarımızın cibində olsun.