Piyada zolağı ilə bağlı – MÜHÜM DƏYİŞİKLİK

sosial
30-04-2017, 21:53 1084
Piyada zolağı ilə bağlı – MÜHÜM DƏYİŞİKLİK
İnzibati Xətalar Məcəlləsinə piyadalara yol verilməməsi ilə bağlı dəyişikliklər edilib. Belə ki, daha sürücülər piyadaya piyada keçidinə daxil olan kimi yol vermək məcburiyyətində deyil. Yəni sürücü piyadanın hərəkət surətinə, istiqamətinə mane olmamaq şərti ilə hərəkətinə davam edə bilər.

Realfakt.Az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istənilən halda sürücü piyadaya piyada keçidində yol verməlidir.
Sürücü piyadanın hərəkətinə, hərəkət sürətinə mane olmamalıdır:
“Əgər piyada piyada zolağına yeni ayaq basıbsa, sürücü ikinci zolaqla hərəkət edirsə, o dayanıb piyadanı gözləməməlidir. Əgər sürücü dayanıb 4-6 saniyə piyadanı gözləyərsə, həmin ərazidə nəqliyyat sıxlığı yarana bilər. Bu baxımdan sürücü piyadaya mane olmamaq şərti ilə yolu ilə hərəkət edə bilər. Və yaxud şəhərdə çox zolaqlı yollar var. Sürücü dayanıb piyadanı saatlarla gözləməməlidir”.

K.Əliyev bildirir ki, əvvəllər qanunda göstərilirdi ki, piyada ayağını piyada zolağına qoyan kimi avtomobillər dayanıb, ona yol verməlidir. Sürücü ilə piyada arasında 10-15 metr məsafə varsa, piyadanı gözləmək vaxt itkisidir. Sürücü piyada ilə məsafəni nəzərə alıb hərəkətinə davam etməlidir:

“Əgər sürücü piyadanın yaxınlığında olduğunu və hərəkətinin piyadanın həyatı üçün təhlükə olduğunu görürsə, sürücünün hərəkəti piyadanın hərəkətinə mane və yaxud istiqamətini dəyişməsinə səbəb olursa, sürücü dayanıb piyadaya yol verməlidir”.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, inzibati Xətalar Məcəlləsinin 330–cu maddəsinə görə, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya və yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə 50 manat məbləğində cərimə var:

“Sonradan maddəyə dəyişiklik edildi və “piyadaya yol verilməməsi” fikri izah edildi. Belə ki, piyadaya “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür”.