TƏBİƏTİN DİLİNİ BİLƏN ALİM

yazarlar
11-08-2015, 15:58 33153
TƏBİƏTİN DİLİNİ BİLƏN ALİM

«Allah özündən başqa heç bir Tanrı olmadığına şahiddir. Mələklər vəelm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.» (Ali İmran surəsi, 18)

Onunla yaxından tanış deyildik. Qızı Dürdanə xanım Əliyeva ilə Bakı Slavyan Universitetinin türkologiya kafedrasında işlədiyim üçün hərdən Dürdanə xanımla telefon əlaqəsi saxlayırdım. Bəzi hallarda dəstəyi Dürdanə xanımın atası Tofiq müəllim qaldırardı və hər dəfə də mənə həzin səslə: «Əzizim» deyə müraciət edərdi. Sonralar öyrəndim ki, hər kəsə «əzizim» ̶ deyə mürəciət etmək, ümumiyyətlə, bu sayaq müraciət forması Tofiq müəllimin şakəri imiş. Ara-sıra Tofiq müəllimi BSU-nun nəzdindəki litseyin qarşısında da görürdüm. Nəvəsi Nurayı məktəbə gətirirdi. Bir gün axşam qəflətən qəmli bir xəbər eşitdim... Öyrəndim ki, Tofiq müəllim Haqqın dərgahına qovuşmuşdu. Səhər açılar-açılmaz mən Dürdanə xanımgilə getdim. Tofiq müəllimin həyat yoldaşı Həqiqət xanımın, xüsisən də qızları Mətanət və Dürdanə xanımın qəmli üzləri, qəmli gözlərini görüncə, qəribə hisslər keçirdim. Bu, məni çox sarsıtdı. Gördüm ki, ataları haqda çox söz demək istəyirlər, fəqət danışa bilmirlər. Öz-özümə: «Bəlkə, onların deyə bilmədiklərini mən deyə bilərəm» - deyə düşündüm. Evə gəldim, qələmi əlimə aldım və «İTHAF»-a başlamaq qərarına gəldim. Müqəddəs Ramazan ayının sərin, xoş rayihəli bir yay (13.07.2015) gecəsində bu arzumu gerçəkləşdirməyə çalışdım. Amma bunu da fikirləşdim ki, insan «İTHAF» etdəcəyi şəxsi ətraflı tanımalı, onun haqqında hər bir nüansı dərindən bilməlidir. Odur ki, gec də olsa, dəyər verdiyim bu İnsanı yaxından tanımaq qərarına gəldim. Beləliklə, Tofiq müəllimin həyat yollarını varaqlamağa başladım. Öyrəndim ki:
Tofiq Əsgər oğlu Əliyev 1935-ci il iyul ayının 1-də Gürcüstan Respublikasının Marneuli rayonun Ağməmmədli kəndində anadan olub. Orta məktəbi də burada bitirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. Oranı fərqlənmə diplomu ilə başa vuran Tofiq müəllim Azərbaycan Heyvandarlıq İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayır. 1961-ci ildə dos. Q.M.Nağıyevin rəhbərliyi ilə “Разработка режима орошения и системы удобрения, обеспечивающих получение высоких урожаев зерна и силоса кукурузы в условиях Mугани» adlı namizədlik dissertasiyasını uğurla müdafiə edərək «kənd təsərrüfatı elmlər namizədi» elmi dərəcəini alır və o gündən hamı üçün əlçatmaz olan «alım» adını daşımağa başlayır. Bundan sonra Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzərək tədqiqalarını davam etdirir, kənd təsərrüfatının inkişafı naminə əlindən gələni əsirgəmir. Sonralar elmi fəaliyyəti onu Azərbaycan Pedaqoji Universiteti ilə bağlayır. Çünki 1968-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Botanika kafedrasına müəllim vəzifəsinə dəvət alır. Bu onun son və daimi iş yerinə, ailəsindən sonra ikinci doğma ocağına çevrilir. Ömrünün sonuna qədər doğma universitetinə, doğma kafedrasına sadiq qalır. Ağsaqqal sözü dinlənilən bu kafedranın sayılıb-seçilən alimlərindən biri olaraq qalır. Onu da öyrəndim ki, 100-dən artıq elmi məqalənin, 6 dərs vəsatinin, metodik vəsait və göstərişlərin, fənn proqramlarının müəllifi olan Tofiq müəllimin elmi nəticələri təsərrüfatlara tətbiq edilərək yüksək nəticələr əldə edilir. Bu, Tofiq müəllimin almlik adına hörmət və sayqısının nəticəsi idi. Bütün bunlar arxasız, köməksiz, dayaqsız bir gəncin öz zəhməti bahasına, alın təri ilə qazandığı uğurlar idi, 80 il ömür sürən Tofq müəllimin fasiləsiz əmək fəaliyyətinin bəhrələri idi.
Bilmirəm, iki gün əvvəl dünyadan köçmüş birisini düşündüyümdənmi, yoxsa, həmin gün əhvalımın həqiqətən də pis olduğundanmı, başımda kəskin ağrılar başlamışdı və bu mənə rahatlıq vermirdi. Haşiyə çıxaraq bildirmək istəyirəm ki, bu vəziyyət məndə tez-tez baş verir. Özəlliklə çox fikirləşəndə, nəyi isə ürəyimə salanda və birisi qəlbimə dəyəndə kəskin baş ağrıları kimi bildiyimiz «miqren» başlayır və onun ağrılarına heç cür tab gətirə bilmirəm. Başımdakı kəskin ağrılara baxmayaraq «İTHAF»ımı səhərə qədər davam etdirdim. Artıq sahura az qalırdı. Yerimə uzananda hamı oyaq idi. Səhər saat 04:00 olardı. Hələ azan oxunmamışdı. Onu dəqiq bilirəm ki, başım ağrıya-ağrıya yuxuya getdim. Birdən... hiss elədim ki, başımın üstündə kimsə dayanıb. Başımı azacaq sağ tərəfə çevirmişdim ki, Tofiq müəllimin başımın üzərində dayandığını gördüm. Yox, qorxu filan yaşamadım. Birdən üsyan edircəsinə, bərk səslə nəsə deməyə çalışdım. Yuxuda (əslində bu yuxu deyildi, sanki gerçək idi) Tofiq müəllimin adını unutmuşdum, yadıma salmağa çalışırdım. Fəqət adını əzbər bildiyim İnsanın ismini xatırlamaqda çətinlik çəkdim. Eləcə sakit-sakit dayanıb: «Sizi evinizdə gözləyirlər... Sizi öldü bilirlər... Hamı Sizi axtarır...» - dedim. And olsun bizi yaradana ki, həmin an başımda ağrılar var idi. Birdən Tofiq müəllim əlini alnıma çəkdi və mənə: «Əzizim, əziz qızım, çoooox sağ ol!» - dedi. «Mən, ayıq idim, yatmamışdım» - desəm, kimsə mənə inanmayacaq... «Həmin anda başımın ağrıları yox olub getdi» - desəm də, yazdıqlarım gəlişigözəl sözlər kimi qəbul ediləcək! Təkcə onu bilirəm ki, bu hal, bundan öncə etdiyim «İTHAF»-larda iki dəfə təkrarlanmışdı. Bir Vaqif Səmədoğlu üçün «REKVİEM İTHAF» edəndə və bir də faciəli şəkildə dünyasını dəyişən, bacım qədər mənə əziz olan Aytənin xatirəsinə məqalə yazanda. And olsun bizi yaradana ki, hər ikisi üçün etdiyim «İTHAF» dünyalar qədər sevdiklərimə agah olmuşdu və mənə etdikləri təşəkkürü bu çağa qədər unutmamışam. Mənə edilən əvvəlki iki təşəkkürü bizimkilər (yəni ailə üzvlərim) qəribə qarşıladıqları üçün Tofiq müəllimdən aldığım üçüncü təşəkkürüm haqqında onlara danışmağı məqsədəuyğun bilmədim. Tofiq müəllimin adından edilən minnətdarlığı isə solmayan tələbəlik illərimizin əvəzolunmaz dostu İlqar Fəhminin şeiri ilə davam etdirmək istəyirəm. Qoy İlqarın bu şeiri sanki Tofiq müəllimin dilindən mənə hədiyyə olsun:
Gözündə parlayan bu
nə yaşdı?
Mənimçün ağlayırsan?
TƏBİƏTİN DİLİNİ BİLƏN ALİMTƏBİƏTİN DİLİNİ BİLƏN ALİMNə yaxşı?
İsbata ehtiyacı olmayan bir məntiq var: «Doğulmağından xəbərin olmadığı kimi, ölümündən də xəbərin olmayacaq!». Əgər doğulduğun günə qədər yolunu yalnız doğmaların, əzizlərin gözləyirdisə, ölümündən sonra yolun heç kəsin təsəvvür etmədiyi kütlə, ordu... tərəfindən gözləniləcək. İllah da dünyasını dəyişən İnsan Vətən yolunda cihad edən şəhiddən də qiymətlidirsə, faydalı işlər görəndirsə, elmin keşiyində alnıaçıq, üzüağ duranlardandırsa, tələbələrinin sevimlisidirsə, işinin bilicisidirsə..., bir sözlə, yadların da doğmasıdırsa...! Bax, həmin ordu qırx gündür ki, canlıların, çiçəklərin, otların, ağacların , bir sözlə, təbiətin dilini bilən bir alimdən xəbərsizdir! Qırx gündür ki, iyirmi iki saylı mənzilin sükutu yalnız yanıqlı hıçqırıqlarla pozulur! Qırx gündür ki, Həqiqət xanım səhərini ömür-gün yoldaşı olmadan açır! Qırx gündür ki, Dürdanə xanım, Mətanət xanım həyatdakı ən möhkəm arxa-dayaqlarını axtarır! Qırx gündür ki, Ceyhun, Ayişə, Nuray əlçatmaz yuxularında: «Baba» - deyib fəryad qoparır! Qırx gündür ki, bir alim daha öz doğma evinin qapısını açmır! Qırx gündür ki, bir ailənin gözləri yollardan yığılmır! Qırx gündür ki, bir İnsan yalnız donuq fotoların baxışlarında, videolentlərin görüntülərində yaşantı tapır! Qırx gündür ki, heç nə əvvəlki kimi deyil! Qırx gündür ki, bu evdə günəş də ay kimidir! Çünki qırx gündür ki, bir İnsan aləmlərin Rəbbi, Cənabi Haqqın dərgahına üz tutub! Qırx gündür ki, yalnız və yalnız xatirələr danışır! Sabah da belə olacaq, o birisi gün də, bir həfətədən, bir ildən, beş, on, iyirmi ildən sonra da... belə olacaq! Və bir ömür boyu gedənin yeri doldurulmayacaq!!! Salan Sarvan demişkən:
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli XATİRƏlər dağılıb evə –
bağışla, otağım tör-toküntüdü.
Zaman gedir, günlər bir-birini əvəz edir. Əvəz olunmayan isə Rəbbimiz, Vətənimiz, bir də doğmalarımızdır. Saat gedir, zaman tələsir! Qismətimizə yazılan hər saniyədən bizlərə pay düşür. Gedən zamanın baş verənlərdən xəbəri belə olmur... Sanki zaman heç nəyi vecinə almırmış kimi yoluna davam edir. Bir də ayılıb görürük ki, payıza, qışa, daha sonra da yaza «əlvida» - demişik, artıq yayı qarşılamaq lazımdır! «Zaman» adlandırılan məfhumu bircə başa düşə bilsəydik! Ya da «zaman» adlandırılan maşını bircə saatlıq geriyə qaytarmaq qüdrətinə malik olsaydıq! Ah, bircə bunu edə bilsəydik..! Çox istəmirik, bircə saatlığa həyatda olmağınız, ailənizin, doğmalarınızın yanına qayıtmağınız üçün nələri qurban verməzdik??? Təəssüflər olsun ki, indi güçümüz yuxulara, əlçatmaz xəyallara bir də sərhədsiz düşüncələrə çatır... Düşüncələrimin bu dağınıq çağlarında yenə də Salam Sarvan mənim köməymə çatır və sorğularıma cavab tapmaq üçün öz yardım əlini mənə uzadır:
Bu ruh bu cannan əlbirdi,
bu sümük bu dəriynən…
Gedən ömrə ƏL eləyir
saat öz KƏFKİRİYNƏN.
Yadımdadır, bir dəfə Əl-Əshər Universitetinin professoru ustəz Şeyx Seyyid-əl-Cabr muhazirələrinin birində: «Elm deyilən bir ağac vardır. Həmin ağacın kölgəsi çox qalın olur. Hər elmin də öz meyvəsi vardır, çəkdiyin əziyyətdən sonra əlini atıb arzuladığın meyvəni dərə bilərsən!» - demişdi. O zaman yeniyetmə dövrüm olduğundan Seyyidin sözlərini o qədər də dərindən dərk edə bilməmişdim. Şeyx Seyyid-əl-Cabrin muhazirəsindən sonra «Ərəb ədəbiyyatı» dərsi başladı. Həmin dərsdə Seyyidin elmlə bağlı söylədiklərini bir daha xatırladıq, müzakirə etdik. O zaman sevimli müəlliməmiz Aida xanım Qasımova misirli professor Şeyx Seyyid-əl-Cabrin fikirlərini təsdiqlədi və həmin fikrə qüvvət olaraq: «Elə bugünkü dərsimiz də Seyyidin fikirlərinin davamı kimi olacaq. Yəni, Peyğəmbər S.A.V-in XÜTBƏsi olacaq» - dedi. Ərəb ədəbiyyatı müəllimimizin Peyğəmbərimizlə bağlı fikrini mühazirə dəftərimə yazdım. Qiymətli fikirləri bu çağa qədər yadımda saxlamışam. Xütbədən söylənmiş həmin fikri «ITHAF»ıma yazıram: «Mənim ümmətimdən hər bir ağıl sahibinə dörd şey vacibdir: 1. Elmi eşitmək, 2. Onu öyrənmək, 3. Yaymaq, 4. Ona əməl etmək». Tofq müəllim belə alımlərin siyahısındadır. Çünki o, həqiqətən də, gəncliyindən ahıl çağlarına qədər elmi eşitməkdən doymayan, elmi öyrənməkdən yorulmayan, elmi yaymaqdan bezməyən, elmə əməl etməkdən heç vaxt imtina etməyən TOFİQ MÜƏLLİM İDİ! Sonralar elm haqqında çox fikirlər söylənəcəkdi. Bəziləri «elm öyrənməyin heç vaxt gec olmadığını» (İbn Sina), bəziləri «elmin yalnız xoşniyyətli insanların əlində olduğu zaman fayda verdiyini» (Sokrat), bəziləri «elmin səbəb, əməlin isə nəticə olduğunu» (Nəsrəddin Tusi), bəziləri isə «təbiətin insanı zülmətlə dövrələdiyini, onu işığa doğru getməyə məcbur edən işığın isə elm olduğunu» (Höte) - deyəcəkdilər. Bəli, əsl ailm, əsl insan haqqında istənilən qədər kəlam, qiymətli fikir söyləmək olar. Bu çağa qədər yadımda saxladığım fikirləri, hikmətli kəlamları Tofiq müəllim üçün həsr etdiyim «İTHAF»ımda ölümsüzləşdirsəm, bəlkə də bütöv bir kitab üçün azlıq edərdi. Fikrimin sübutu üçün müsəlmanın konstusiyası olan QURANdan seçdiyim bir fikri qeyd eləməyi məqsədəuyğun sayıram:
«Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq
ağıllı adamlar dərk edərlər» (Əl-Bəqərə surəsi, 269). Bəli, bunu elm, hikmət, mərifət sahibi olan Tofiq müəllim kimi yaxşı adamlar dərk edə bilərlər! Dəyərli Vaqif Səmədoğlu yerində deyib:
Gözə az-az görünür YAXŞI ADAM
ildə bir-iki kərə baş çəkilən
məzar kimi.
Uzaqdan başdaşına bənzəyir yaxşı İNSAN
yaxından ağlaşmaya...
Tofiq müəllim təkcə bir ailənin deyil, o həm də bir nəslin, bir elin, bir obanın, bir böyük təhsil ocağının ağaqqalı idi. Arxasında bir tələbə ordusu vari idi. Yaxşı mənada hökmlü, bir sözü ilə ən çətin işləri belə aşıra bilən İnsan idi Tofiq müəllim! O hələ çox xatırlanacaq, ona çox ehtiyac duyulacaq, onun qədri ölümündən sonra daha çox bilinəcək! Amma əfsuslar olsun ki, Tofiq müəllim bir də olmayacaq!
Tofiq müəllim! Nədənsə, insan dünyadan köçdükdən sonra daha çox dərk edilir. İnsan doğmasını itirdikdən sönra əlçatmaz xəyalların, qiymətli yuxuların qədrini bilməyə başlayır və geri dönməyəcək əzizi ilə görüşünü məhz sərhədsiz düşüncələrdə, xəyali görüşlərdə axtarır. Bu əlçatmaz qovuşmanın, müqəddəs görüşün 4-5 saniyəlik yuxunun tərtibatındakı «SSENARİ»də baş tutacağını, pərvəriş tapacağını elə arzulayır ki.... Məhkum ruhların yolunu «röyalar dayanacağı»nda gözləyən boynubükük itki sahibləri ̶ Tofiq müəllimin həyat yoldaşı Həqiqıət xanım, yeganə oğlu Rauf, qızları Mətanət və Dürdanə, canından artıq sevdiyi nəvələri Ceyhun, Ayişə, Həqiqət, Nuray, görəsən, bu xəyali görüş üçün nələri girov qoymazdılar???
Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən (Ramiz Rövşən)
Təbii ki, mənim tanıdığım bu insanların uşaq olmaq istəmədiklərinə adları qədər əminəm. Əzizləri təkcə onu, başlarının tacını, evlərinin ağsaqqalını, atalarını ̶ Tofiq müəllimi istəyirlər! Gecə də, gündüz də: «Atamız yanımızda olsaydı.... bizə «əzizim», «iki gözüm», «qadası» - deyib əzizləsəydi»... ̶ deyib fəryad qoparırlar. Hərdən övladlarınız çaşaraq söhbət əsnasında: «Bunu atam yaxşı bacarar. Bunu yalnız ata eləyə bilər. Ataya deyərik, o zəng eləyər, tapşırar. Ata bazarlığı hamıdan yaxşı edir, zəng eləyərik, marketdən alar, gətirər ...» - deyirlər. Sonra da dərin bir ah çəkib əlçatmaz, ünyetməz xəyallarla çarpışdıqlarını anlayıb köks ötürülər:
Əlimi uzatdım SEVINCə sarı,
Gördüm yox, arada KƏDƏR dayanıb.
Atamı səslədim köməyə gəlsin,
Gördüm yox, arada QƏBIR dayanıb.
Üz tutub gedirdim Allaha tərəf,
Gördüm yox, arada ÖMÜR dayanıb (Vaqif Səmədoğlu)
Bu dünyada Tofiq müəllim kimi yaxşılıq üçün yaşayanlar, yaxşı ad qazanıb əməlisaleh olanlar, ölmürlər, əbədi ölümsüzlüklə müjdələnirlər. Sadəcə olaraq, bu dünyadan o biri dünyaya qədəm qoyurlar. Bu, daha çox elm yolunda can qoyanlara və Vətən uğrunda şəhid olanlara şamil edilir. Əgər bizləri yaradan Cənabi-Haqq bir saat elmlə məşgul olanı min il ibadət edənə bərabər tutursa, alimin mürəkkəbini şəhidin qanından üstün sayırsa, deməli, başqa sözə hacət yoxdur! Deməli, o Allahın dərgahındadır:
Qıymadın bir kimsəni oyatmağa,
Bu səhər üz tutub sübh azanına getdin.
Bizdən ayrıldın daha,
Ən əziz dostunun yanına getdin.
daha nə dərdin?
Yanında dostun var ALLAH kimi (Ramiz Rövşən)
Son olaraq Tofiq müəllimin ağır itkisi ilə barışa bilməyən övladlarına təsəlli kimi ən böyük alqış olan Dədə Qoqud alqışı göndərməklə biz də təskinlik tapırıq: «Ağ saqqallı babanızın yeri uçmaq olsun! Qadir Tanrı Sizi namərdə möhtac etməsün! Axır vəqtində arı imandan ayırmasun! «Amin», «amin» ̶ deyənlər didar görsün! Ağ alnında beş kəlmə dua qıldıq, qəbul olsun! Allahdan verən umudunuz üzülməsin! Amin! Amin! Amin!»

XATIRƏ ABDULLAYEVA
BSU-nun Türkologiya kefedrasının dosenti,
filolofiya üzrə fəlsəfə doktoru