Heydər Əliyev və Təhsil

yazarlar
9-03-2017, 16:01 1980
Heydər Əliyev və Təhsil

Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi müddət ərzində respublikamız hərtərəfli inkişafa nail olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Həmin dövrdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə dinamik və güclü inkişaf yolu keçmişdir. Heydər əliyev siyasətinin mənasını Azərbaycanın tərəqqisini təmin etməkdə, Azərbaycan xalqının mədəni, mənəvi və intellektual yüksəlişinə nail olmaqda görürdü. Bu baxımdan elm, mədəniyyət və incəsənət məsələləri Heydər Əliyevin siyasətində xüsusi yer tuturdu.
Bildiyimiz kimi, cəmiyyətin tərəqqisinin, elminin, mədəniyyətinin inkişafının əsas göstəricisi təhsildir. Təhsil hər bir xalqın, millətin gələcəyidir- deyən Heydər Əliyev bu sahə üzrə xeyli irəliləyişlərə nail oldu.
Ümummilli liderimizin zəngin həyatı həmişə təhsillə bağlı olmuşdur: Heydər Əliyev qeyd edirdi: “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam…Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir” .
Ümummilli liderimiz Heydər Əliyev müəllimlərə yüksək qiymət verərək, müraciətlə demişdir: “Məktəb elə bir prosesdir, orqanizmdir ki, hamı- şagird də, tələbə də, müəllim də- bütün kollektiv də inkişafdadır”. Bu kəlamlar böyük rəhbərimizin təhsilə nə qədər önəm verdiyinin bir daha sübutudur.
Müəllimlik peşəsini ürəkdən sevən, müəllimin əməyinə yüksək qiymət verən liderimiz heç də təsadüfi deyil ki, Azərbaycanda ona təklif olunan müxtəlif fəxri adlardan yalnız “Xalq müəllimi” fəxri adını məmnuniyyətlə qəbul etmişdir.
Heydər Əliyev müəllimlik adını çox yüksəkdə tutmuş və ona müqəddəs bir peşə kimi baxmışdır. “...Mən Azərbaycacanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir....” demişdir .
Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu irəli çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır.
Xalqımızın böyük oğlu Heydər Əliyev tədris ocaqlarında, o cümlədən orta ümumtəhsil məktəblərində şagirdlərin bütün müvafiq elmlər üzrə zəruri biliklərə yiyələnməsini, onların seçdikləri gələcək ixtisaslara uyğun fənləri daha dərindən öyrənməsini lazım bilmiş, bunlarla yanaşı, istisnasız olaraq hər bir şagirdin mükəmməl bilməsi son dərəcə vacib olan fənləri da ayrıca vurğulamışdır: “Bizim uşaqlarımız, gənclərimiz, hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, onu daha yaxşı bilməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər .
Heydər Əliyev və Təhsil
1969-cı ildə Azərbaycan hökümətinin diqqət çəkən vəzifələrdən ən birincisi elmin və təhsilin inkişafına diqqət və qayğısının artırılması idi. Möhtərəm Heydər Əliyev 1998-ci il avqustun 31-də 1970-1987-ci illərdə Azərbaycanda kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında bu barədə belə demişdir: “ Mən 1969-cı il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti məni daim maraqlandırmışdı və mən bu barədə xeyli məlumata malik idim. Ona görə də bizim təhsilin nailiyyətlərini də, qüsurlarını, nöqsanlarını da bilirdim. Şübhəsiz ki, respublikanın başçısı kimi məsuliyyətimi də dərk edirdim. Ona görə də mən birinci təhsil müəssisələrə ciddi fikir verdim. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda, respublikanın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit veriblər....Mən dərhal maraqlandım ki, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim.....siyahıya baxanda gördüm ki, təyin olunmuş namizədlərin içərisində azərbaycanlılar azlıq təşkil edirlər, çoxluğu isə başqa millətlərdən olan gənclər təşkil edirlər”( “Azərbaycan” qəzeti, 1 sentyabr, 1998-ci il).
Keçmiş SSRİ-nin dünya səviyyəli təhsil ocaqlarına tələbələrin göndərilməsi böyük miqyas almışdı. Bu barədə möhtərəm Heydər Əliyev deyirdi: “Həmin il, 1969-cu il avqustun sonunda mən ilk dəfə sayı 50 nəfərdən az olan gənclərlə o vaxt işlədiyim iş yerindəki kiçik bir salonda görüşdüm, danışdım, onlara öz tövsiyyələrimi verdim. Ancaq bu, mənim üçün də böyük bir siqnal oldu ki, bu işlə məşğul olmaq, həm də çox ciddi məşğul olmaq lazımdır... bu iş, bu təşəbbüs yalnız və yalnız ondan irəli gəlir ki, mən istəyirdim biz özümüzün, ölkəmizin, respublikamızın ali təhsil ocaqlarının, eyni zamanda o vaxt yaşadığımız ölkənin mərkəzi və daha yüksək səviyyəli ali məktəblərinin imkanlarından səmərəli istifadə edərək Azərbaycanın gələcəyi üçün lazım olan kadrlar hazırlayaq.... 1969-cu ildə biz respublikadan kənara 50 nəfər göndərə bilmədik, 1970-ci ildə 60 nəfər göndərdik. Ondan sonra bu rəqəmi ilbəil artırdıq. Nəhayət, biz 1975-ci ildə gərək ki, 600 nəfər, 1977-1978-ci illərdə hər il 800-900 nəfər gənci respublikadan kənar ali məktəblərə göndərirdik” (“Azərbaycan” qəzeti, 1 sentyabr 1998).
1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilmişdir (Əsrlərə bərabər illər. 1969-1999. Faktlar və rəqəmlər. Bakı, 1999, s.20).
Heydər Əliyev və Təhsil
Bu gün respublikamızda 30 dövlət, 15 qeyri-dövlət ali təhsil, 70-ə yaxın orta ixtisas təhsilli müəssisələr fəaliyyət göstərir. 1980-ci il mayın 28-də ali məktəb işçilərinin respublika müşavirəsində çıxış edən Heydər Əliyev 70-ci illərdə ali məktəb həyatının sağlamlaşdırılması sahəsində görülən işlərin nəticələrindən danışarkən deyirdi: “Ən vacib məsələ budur ki, adamlarda ədalətə, həqiqətə inam, respublikamızın bütün işlərində, o cümlədən, ali məktəblərdə bərqərar olan obyektivliyə inam yaranmışdır. Bu illər ərzində təlim-tərbiyə işinin səviyyəsi, tədrisin keyfiyyəti, buraxılan mütəxəssislərin, bütövlükdə ali məktəblərin fəaliyyətlərin keyfiyyəti xeyli yüksəlmişdir” (“Kommunist” qəzeti, 29 may 1980-cı il).
Elm və təhsili cəmiyyətin əsas ictimai-sosial tərəqqisinin əsas amili kimi səciyyələndirən ulu öndər qeyd edirdi ki, Azərbaycan SSR-ni elmi-texniki tərəqqi səviyəsində inkişaf etdirmək üçün, şübhəsiz ki, yüksək təhsilə, elmə nail olmalıyıq.
XX əsrin II yarısı Azərbaycan SSR-də elm və təhsilin yüksək intibah dövrü kimi xarakterizə olunur. 1969-1982-ci illərdə Heydər Əliyev Azərbaycan SSR-də təhsilin bütün formalarının inkişafı sahəsində çox böyük uğurlar əldə etmiş, məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş, ali məktəb ocaqlarına qədər yeni tərəqqi başlatmış, xalqın mədəni intellektual səviyyəsini genişləndirilmişdir .
Heydər Əliyevin rəhbərliyi ilə 70-ci illərdə Respublikada məktəb binalarının tikilməsi işi sürətləndirildi. Həmin illərdə məktəblərin texniki və elmi-metodiki vasitələrlə, pedaqoji kadrlarla təminatı əsaslı şəkildə yaxılaşdırılmışdı.
Respublika tərəfindən görülən bu tədbirlər arasında Azərbaycan SSR-də ali təhsil də inkişaf etməyə başladı. Beləliklə, bu məqsədlə ali məktəblərin sayı da çoxaldı. Ayrı-ayrı bölgələrdə də ali məktəb ocaqlarının yaradılmasını tapşıran ümummilli lider təkcə paytaxtın deyil, bölgələrin də elmdən xəbərdar olmasına, maariflənməsinə, hərtərəfli inkişafına zəmin yaratdı.
Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlılın keçmiş ittifaqın ən nüfuzlu ali məktəllərində təhsil almaları üçün şərait yaradıldı.
Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başladı. Həmin illərdə respublikada dünya mədəniyyətinin Qara Qarayev və Fikrət Əmirov, Niyazi və Səttar Bəhlulzadə, Rəsul Rza və Lətif Kərimov kimi korifeyləri səmərəli fəaliyyət göstərirdilər. Minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərilirdi.

Bahar İsgəndərova
ADMİU- magistrantı