Folklor ənənələrinin araşdırılması və toplanması

yazarlar
27-02-2017, 14:39 2588
Bildyimiz kimi şifahi xalq yaradıcılığının yaranma tarixi olduqca əski dövrlərə istinad edir. Tarixin qaranlıq və keşməkeşli səhifələrindən süzülüb gələn şifahi xalq yaradıcılığı olduqca geniş və rəngarəng olması ilə fərqlənir. Şifahi xalq yaradıcılığı anlayışına mütabiq olan “folklor” terminini ilk dəfə ingilis tədqiqatçısı Uilyam Con Tomas (1803-1885) istifadə etmişdir. Uilyam Con Tomas 22 avqust 1846-ci ildə Londonda nəşr olunan "Athenaeum" adlı bir jurnaldakı məqaləsində xalq ədəbiyyatı və xalq ənənələri məsələlərini araşdıran elm sahəsini "Folklore" adlandırılmasını təklif etmişdi. Ümumiyyətlə bu terminin mənşəyi iki müxtəlif sözün “folk” - xalq və “lore” birləşməsindən əmələ gəlmişdir. Və 1846-ci ildən başlayaraq Avropanın İsveç, Norveç, Finlandiya, Fransa kimi ölkələrdə geniş işlənən bu termin bizim leksikona da daxil olmuşdur.
Ümumiyyətlə, folklor müəyyən bir bir ölkəninn və ya müəyyən bir bölgənin xalqın maddi və mənəvi sahələrdə mədəni sərvətlərini araşdıran, bunları özünə xas üsullarla toplayan, təsnifatını aparan, şərh edən bir elmdir. Bu baxımdan da folklor hər hansısa bir etnik toplumun tarix boyu meydana gətridiyi ortaq mədəni varlığıdır. Əsrlər boyu yığılmış və sərvətlər mənbəyi olan folklorda bir millətin acıları, kədərləri, iztirabları, sevincləri və müdrikliyi əks olunmuşdur. “Dünya xalqlarının müxtəlif dövrlərdə el ədəbiyyatı, xalq icadı, ağız ədəbiyyatı, el sözü, xalq yaradıcılığı,şifahi ədəbiyyat, xalq hikməti və s. adlandırdığı bu bədii yaradıcılığın fenomenal təbiəti əslində hələ açıqlanmamışdır. Təxminən son yüz ildə dünya elmi tərəfindən folklor adı altında öyrənilən söz sənəti təbii ki, bir çox özəllikləri ilə əlamətdardır.
Folklor şifahi şəkildə yaranan, onu yaradan xalqın mənəvi-əxlaqi bütövlüyünü və qabaqcıl dünyagörüşünü özündə əks etdirən söz sənətidir. Bu söz sənəti xalq təfəkkürünün erkən çağlarından başlayaraq inkişafın müxtəlif dövrlərini və mərhələlərini, milli məişət həyatını və xalqın milli psixologiyasını özündə əks etdirir.” (1, səh.11)
Folklor insanın gündəlik həyatı ilə iç-içə bağlıdır, desək yanılmarıq. Çünki folklor ilk insan icmalarının yarandığı dövrlərdən etibarən bizim həyatımızın ayrılmaz tərkib hissələrinə çevrilmişdir. Xalqın meydana gətridiyi ənənələrin növlərini və üsullarını araşdırmaqla məşğul olan tədqiqatçıya folklorşünas deyilir. Lakin xalq oyunları və xalq rəqsləri ilə məşğul olan insanların özlərini folklorşünas kimi qələmə verməsi kökündən yanlış fikirdir. Bu nöqteyi-nəzərdən də xalq oyunları və xalq rəqsləri folklorun bir sahəsidir. Folklor anlayışı isə daha geniş bir xarakterə malikdir.
Ümumiyyətlə, tədqiqatçılar folklorun otuzdan çox sahəsi olduğunu vurğulayırlar. Bütün bunların hamısı folklorun bir hissəsidir. Foklor nümunələrinə sayaçı sözlərini, holavarları, oxşamaları, laylaları, bayatıları, qaravəlliləri, atalar sözlərini, məsəlləri, qoşmaları, gəraylıları, tapmacaları, yanıltmacları, lətifələri, ağıları, vedovilləri, nağılları, əfsanələri, mifləri, dastanları və başqalarını nümunə göstərmək olar. «Folklor şifahi munasibətlər və davranış numunələri vasitəsilə geniş yayılan ənənəvi incəsənət, ədəbiyyat, bilik və təcrubədir. Hər bir qrupun öz bənzərlik mubadiləsi, həmin bənzərliyin əsas hissəsi olaraq xalq ənənələri – insanların ənənəvi şəkildə inandıqları (əkincilik təcrubəsi, ailə adətləri, dünyagörüşünün digər elementləri), etdikləri (rəqs, musiqi bəstələmək, paltar tikmək), yaratdıqları (memarlıq, incəsənət), soylədikləridir (şəxsi hekayələr, tapmacalar, lirik mahnılar). Bu numunələrdə gostərildiyi kimi, həmin kateqoriyalar arasında nə gundəlik həyatda, nə də folklorşünasların təqdimatında qəti və kəskin bölgü yoxdur.
«Folklor» kəlməsi mədəniyyətin nəhəng, dərin və vacib vahididir. Bu fənnin necə geniş və murəkkəb olduğunu nəzərə alıb deyə bilərik ki, folklorşünasların folklora muxtəlif cür tərif və təsvir verməsi heç də təəccub doğurmur. Məsələn, rəqs tarixcilərindən «rəqs»in, antropoloqlardan isə «mədəniyyət»in tərifini soruşmağa çalışın. Heç bir tərif qənaətbəxş deyil və ola da bilməz. Bunun səbəbi, muəyyən mənada, bəlli folklorşünasların folklor dünyasının bəlli bir hissəsini öz şəxsi çalışmalarının, şəxsi maraqlarının, ya da yetişmək istədikləri auditoriyaya doğru cəhdlərinin nəticəsi olaraq vurğulamalarıdır». (2)
Folklor ümumiyyətlə mənsub olduğu etnik toplumun adətlərini, inanclarını araşdıran bir elm sahəsidir. Folklorşünas isə hər hansısa bir cəmiyyətdə yaşayanların adət-ənənələrini araşdırıb, həmin cəmiyyətin yaşayışını, duyğu və düşüncəni anlatmağa çalışır və öz tədqiqat sahəsini də elə məhz bu aspekt üzərində qurur.
Adətən folklor yaradıcılığında xalqın milli-mənəvi dəyərləri, aid olduğu etnik toplumun mahiyyəti, səmimi duyğu və düşüncələri, gözəl və ya tənqid ediləcək tərəfləri öz əksini tapır. Folklor termini ilk dəfə 1846-cı ildən işlədilməsinə baxmayaraq bu elmin ilk rüşeymlərini yaranması eramızdan əvvəlki dövrlərə təsadüf edir.
“Tarixin atası” ləqəbli məşhur yunan tarixçisi Heredotun Yunanıstan, İran, Misir və Siciliyada yaşayan insanların xalq yaradıcılığı ilə bağlı məlumatları, yunan tarixçisi və coğrafiyaçısı Strabonun gəzib gördüyü yerlərdəki xalqların mədəniyyətləri ilə bağlı yazıları, ərəb səyyahı İbn Batutanın müxtəlif xalqların adət və ənənələri ilə bağlı səfər qeydləri də folklorla bağlı idi. Həmçinin XVIII əsrin sonlarında alman tarixçisi İ.Q. Herderin, Finlandiyada Ellios Lönratın fəaliyyəti və alman yazıçıları Qrimm qardaşların xalq nağıllarını dəqiqliklə toplaması kimi işlər də folklor sahəsi üzərində qurulmuşdu. Ancaq bütün bunlara baxmayaraq folklor sahəsində sistematik və elmi bir araşdırma işləri XIX əsrdən sonra aparılmağa başladı.
Türk xalqlarının folklor ənənələrinin toplanılmasında Mahmud Kaşqarinin oynadığı rolu qeyd etmək də yerinə düşərdi. “Türksoylu xalqların bədii mədəniyyətinin sırf elmi məqsədə xidmət edən ilk yazıya alınması on birinci yüzillikdə baş verir. Bu, böyük elm adamı, mütəfəkkir şəxsiyyət Mahmud Kaşqarinin məqsədyönlü elmi-mədəni fəaliyyətinin nəticəsində ortaya çıxır. Mahmud Kaşqarinin folklor örnəklərinin toplanması və yazıya alınması sahəsindəki fəaliyyəti ona qədərki tarixi dönəmdən – ibtidai – bəsit yazıya almadan köklü şəkildə fərqləndiyi, yəni sırf elmi mahiyyət kəsb etdiyi üçün bu fəaliyyətlə geniş mənada türk mədəniyyət çevrəsinə məxsus “Folklor kitabı”nın strateji təməli atılmış olur.
Türklər təkcə savaş ruhu və hərbi qüdrətlərinə görə diqqət çəkmirdilər. Onlar ailə və dövlət əxlaqı, hərəkət və davranış mədəniyyəti, etnoqrafik həyat tərzinin özünəməxsusluğu, xüsusən zəngin mərasim ənənələri və folklor-şifahi söz sərvəti, doğruluq, halallıq, saflıq, mərdlik prinsipləri təlqin eləyən törə-tayfa qanunları ilə münasibətdə olduqları Şərq xalqlarının, o cümlədən də ərəblərin və farsların diqqətini cəlb edirdilər. Bu vəziyətdə türklərə məxsus mənəvi dəyərlərin, onların dil, folklor və etnoqrafiya mədəniyyətinin elmi əsaslar üzərində, yəni bu barədə sanballı-sistemli “kitab” yazmaqla tanıdılmasına ehtiyac duyulurdu. Bu, sözün həqiqi mənasında, tarixi-siyasi və mədəni zərurət idi. Türklərin, türk mədəniyyətinin Şərqə tanıdılması dövrün-zamanın tələbi idi. Beləliklə də türk mənəvi mədəniyyətinin kağız üzərindəki yazıya köçürülməsi sahəsindəki ilk irimiqyaslı işin müəllifi olan Mahmud Kaşqarinin 1072-1073-cü illərdə qələmə aldığı “Divanü lüğat-it-türk” adlı monumental əsərlə türk dillərinin öyrənilməsi, Şərq-islam aləminə tanıdılması ilə yanaşı etnoqrafiya mədəniyyəti və folklor örnəklərimizin də geniş şəbəkəli və məqsədyönlü təqdimatı həyata keçirilir.” (3, səh. 234)
Dünya folkloru içərisində mühüm yer tutan Azərbaycan folkloru da janr zənginliyi ilə seçilir. Bu baxımdan xalqımızın epik, lirik və dramatik növlərdə yaratdığı zəngin və rəngarəng şifahi xalq ədəbiyyatı digər xalqların da ədəbi yaradıcılığına mühüm təsir göstərmişdir. Xalqımızın qədim dövrlərdən süzülüb gələn folklor nümunələrinin hər üç növdə mövcud olması şifahi xalq yardıcılığımızın zəngin və rəngarəng olmasına əyani sübutdur. Ümumiyyətlə, folklorumuzun lirik növünə nəğmələr (əmək nəğmələri, mərasim nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri), laylalar, oxşamalar, mahnılar, bayatılar, epik növünə əfsanələr, rəvayətlər, lətifələr, nağıllar, atalar sözləri və məsəllər, tapmacalar, dramatik növünə isə xalq oyunları, xalq tamaşaları, xalq şəbihlərini misal göstərmək olar.
Xalqımızın yaratdığı folklor ənənələrində dərin və hikmətli nəsihətlər, müdrik el məsəlləri öz əksini tapmışdır. “Azərbaycan xalqının şifahi xalq ədəbiyyatı milli sərvətidir. Bizim tariximiz, vətən naminə mübarizələrimiz, bəşər sivilizasiyasında yerimiz, fəlsəfəmiz məhz bu ədəbiyyatda öz əksini tapıb. Folklorumuz bütünlüklə mədəniyyət və incəsənətimizin əsasında dayanıb, ona misilsiz mövzular milli ruh bəxş edib.” (4, səh. 20)
Milli yaddaş sistemini özündə əks etdirən folklor nümunələrinin araşdırılması, tədqiq edilməsi və sistemləşdirilməsi mühüm bir əhəmiyyət kəsb edir. Bu baxımdan da Azərbaycan folklorunun araşdırılması olduqca dəyərli bir amildir. Əcdadlarımızın tarix boyu yaratdığı bu mənəvi sərvətlərin içərisində xalqımızın arzuları, ideyaları, psixologiyası, milli-mənəvi dəyərləri əks olunmuşdur. Azərbaycan türklərinin yaratığı folklor ənənələrinin tədqiq olunmasında, toplanılmasında Tur Heyerdalı, Zehtabininin, Fərzaninin, Əli Kamalinin, Firudin Köçərlinin, İ. Hikmətin, Fuad Köprülzadənini, D. Atsızın da müstəsna xidmətləri vardır.
Xalqımızın folklor ənənlərinin sistemləşdirilərək elmi aspektdə tədqiq edilməsində Həmid Araslının və Məmmədhüseyn Təhmasibin dəyərli xidmətlərini qeyd etmək yerinə düşərdi. “Quzey Azərbaycanın ali məktəblərinin filoloji fakültələrində yetmiş ildən artıqdır ki, xalq ədəbiyyatı tədris edilir. İlk mühazirə mətnləri, tədris proqramları mərhum akademik Həmid Araslı, professor M.H.Təhmasib tərəfindən yaradılmışdır. Elə həmin müəlliflərin–H.Araslının «XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi», M.H.Təhmasibin «Azərbaycan xalq dastanları (orta əsrlər)» kitabları öz dövründə tələbələrin və mütəxəssislərin bəhrələndiyi dərs vəsaitləri olmuşdur.
Yetmişinci illərdən başlayaraq ağız ədəbiyyatı üzrə müstəqil dərs vəsaitləri də yaranmağa başlamışdır. V.Vəliyevin «Azərbaycan şifahi xalq ədəbiyyatı» (Bakı, 1970) və P.Əfəndiyevin İ.Babayevlə birlikdə yazdığı «Azərbaycan şifahi xalq ədəbiyatı» (Bakı, 1970) kitabları bu sahədə ilk təşəbbüslər idi. Bu təşəbbüslər davam etdirilirdi. Sonradan hər iki müəllifin müxtəlif illərdə «Azərbaycan şifahi xalq ədəbiyyatı» («Maarif», 1981, 1992), «Azərbaycan folkloru» («Maarif», 1985) dərslikləri, professorlardan A.Nəbiyevin «Azərbaycan folklorunun janrları» (Bakı, 1983), M.Həkimovun, S.Paşayevin müxtəlif vəsaitləri yarandı.” (1, səh.5-6)
Folklor materiallarına tətbiq edilməsində bir sıra metodlardan istifadə olunur. Bu müxtəlif metodlar içərisində ən önəmli yeri strukturalist araşdırma və ya struktur-semiotik metodu tutur. Qeyd edək ki, keçən əsrin 70-ci illərdən Avropada tətbiq edilməyə başlayan struktur və struktur-semiotik me¬todu bu gün də öz əhəmiyyətini itirməyibdir. “Struktur təhlil metodu Fransada yaransa da İngiltərə, İtaliya, Macarıstan, Amerkada da geniş yayılmışdır. Bu təhlil metodunun fikir babası təbii ki, Proppun morfoloji nəzəriyyəsidir. Ancaq struk¬turalizm F. Saussurune dilçilik görüşlərini də mənimsəməklə mətnə yeni bir baxış formalaşdırdı. Struktur təhlil metoduna görə folklorun yaranmasında motiv, süjet, obraz, qəhrəman-anti-qəhrəman modeli ümumbəşəri olub, milli və regional xüsusiyyətlərlə zənginləşmişdir. Hər nə qədər folklor modellə¬rini diaxron və sinxron istiqamətdə araşdırmaqla elmə yenilik gətirsə də struktur-semiotik metod mətnə həddən ziyadə önəm verməsi ilə yanlış nəticələr də çıxarmışdır.
Zamanla poststrukturalizm, dekonstruktivizm kimi öncə¬ki¬ləri, struktur və struktur-semiotik metodları inkar edən me¬todlar da yaranmışdır. Ancaq bu metodların tətbiq olunduğu mətnlər bir qayda olaraq qısa və inanc təməlli olduğundan istifadə olunan metodu kor-koranə sosial-iqtisadi, etnik-mədəni səviyyəsi və tarixi inkişafı və buna bağlı etno¬psixologiyası fərqli olan bir millətin bilgi dolu mətnlərinə tətbiq etmək diqqətli olmağı tələb edir.” (5)
Müasir dövrdə Azərbaycan folklorunun araşdırılması sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun müstəsna xidmətləri mövcuddur. Həmçinin bu aspektdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Folklorşünaslığın tarixi”, “Folklorun janr sistemi”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Azərbaycan dastanları” kimi fənlər də tədris olunur. Biz folklor ənənələrimizi araşdırmaqla tariximizin dərin, keşməkeşli və qaranlıq səhifələrinə səyahət edərək tolerant, multikultural dəyərlərə istinad edən milli-mənəvi dəyərlərimizi tədqiq etməli və bu humanist dəyərlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq.


Sevinc Mirhəsənli
ADMIU-nun magistri