Torpağı istifadə etməyənlər üçün - 580 min manatlıq cərimə

gundem
8-02-2017, 11:42 889
Torpağı istifadə etməyənlər üçün - 580 min manatlıq cərimə

Əmlak Məsələləri Dövlət Komitəsi ölkənin vahid torpaq fondundan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti daha da gücləndirilib, torpaq idarəçiliyi ilə bağlı vəzifələrin yerinə yetirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir.

Realfakt.az xəbər verir ki,qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, torpaqlardan səmərəli istifadə ilə bağlı Bakı şəhəri və regionlarda aktiv monitorinqlərin və reydlərin keçirilməsini davam etdirilir. Başlıca məqsəd torpaqlardan səmərəli, qənaətli və təyinatına uyğun istifadəni təmin etməkdir.

İndiyədək komitənin torpaq müfəttişləri tərəfindən aparılan monitorinqlər nəticəsində 4900-ə yaxın, 2016-cı il ərzində isə 1300-ə yaxın torpaq istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

Operativ qaydada yerlərdə qanunvericiliyin tələblərinə əsasən tədbirlər görülüb və pozuntu hallarının qarşısı alınıb. Belə ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən indiyədək 1100-ə yaxın hal üzrə inzibati protokollar tərtib edilərək inzibati tənbeh vermə haqqında qərarlarla 580 min manatdan çox cərimə tətbiq edilib. Vətəndaşlara torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunur, tətbiq olunmuş cərimələrin 30 gün ərzində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilir.

Görülən tədbirlər nəticəsində respublikanın 46 rayonu üzrə icarədə olan lakin istifadəsiz qalan 200 min hektar torpaq sahəsinə dair 935 icarə müqaviləsinə xitam verilib və həmin torpaqlar dövlət mülkiyyətinə geri qaytarılıb.

Komitə torpaqların qeyri-qanuni və səmərəsiz istifadəsi ilə bağlı monitorinqləri və qanun pozuntularına qarşı sərt tədbirləri bundan sonra da davam etdirəcək.