Xarici valyuta əməliyyatlarına da LİMİT TƏTBİQ OLUNDU - Yeni QAYDALAR

iqtisadiyyat
7-12-2016, 21:18 1032
Xarici valyuta əməliyyatlarına da LİMİT TƏTBİQ OLUNDU - Yeni QAYDALAR
Tədiyə balansının və valyuta bazarının tarazlaşdırılmasında mühüm rol oynayan valyuta nəzarəti mexanizminin effektivliyinin artırılması məqsədilə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları" yeni redaksiyada qəbul edilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, qaydalarda cari valyuta əməliyyatlarında, o cümlədən təhsil və müalicə haqlarının köçürülməsi ilə bağlı valyuta ödənişlərində sərbəstlik saxlanılmaqla bəzi köçürmələrdə müəyyən limitlərin tətbiqi (hesab açmadan və şəxsi məqsədlər üçün aparılan köçürmələrdə rezident və qeyri-rezident fiziki şəxsin bir əməliyyat günü ərzində 1000 ABŞ dolları ekvivalentinədək, ay ərzində isə cəmi 10 min ABŞ dolları ekvivalentinədək maksimum məbləği, yaxın qohumlara köçürülən vəsaitin ay ərzində cəmi 10 min ABŞ dolları ekvivalentinədək) nəzərdə tutulur. Bununla bərabər rezidentlərin xarici banklardakı hesablarına pul köçürmələrinin aparılmasında mövcud sərbəstlik aradan qaldırılıb.

Realfakt.Az xəbər verir ki, eyni zamanda yeni Qaydalarda idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 180 gün müddətində malların və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasına bank nəzarəti tədbirləri müəyyən edilib.

Qaydalarda xarici investisiyanın repartriasiyası, investisiyalar üzrə əldə edilən istənilən növ gəlirlərin məhdudiyyətsiz köçürülməsi rejimi dəyişdirilmədən olduğu kimi saxlanıb.

Qaydalar 2016-cı il dekabrın 8-dən qüvvəyə minir.