İlham Əliyev: “Mehribanla tanış olanda…”

gundem
26-08-2015, 14:34 993
İlham Əliyev: “Mehribanla tanış olanda…” Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir... Axar.az xəbər verir ki, Prezident İlham Əliyevin həyat yoldaşı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqda bu fikirləri “Mehriban” adlı kitabda yer alıb. Buro 247.az M.Əliyevanın doğum günü münasibəti ilə Fondun icraçı direktoru Anar Ələkbərovun müəllifi olduğu “Mehriban” adlı kitabdan bəzi hissələri oxuculara təqdim edib. Ölkə prezidenti müsahibələrinin birində ailəsi haqda bu fikirləri bölüşüb: “Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”. Prezident işlərin çoxluğuna baxmayaraq, həmişə bir yerdə olduqlarını vurğulayıb: “... Axşam evimin kandarından içəri keçəndə, əgər heç bir fövqəladə hadisə, zəng yoxdursa, bütünlüklə, tamam başqa mühitə - onilliklər boyu olduğum ailə həyatı mühitinə düşürəm. Biz axşamlar, yaxud bazar günü vaxtımızı evdə keçirməyi hər şeydən çox xoşlayırıq. Bizim üçün bu, vaxt keçirməyin ən yaxşı yoludur... Onun ictimai yükü çox böyükdür. Hətta birinci xanımın funksiyaları da - protokol tədbirləri və s. çox böyük yük tələb edir. Bütün bunlar onu sevimli məşğuliyyətlərindən, evdə, uşaqların və nəvələrin əhatəsində olmaq, sadəcə divanda əyləşmək və söhbət etmək, adi ömür sürmək imkanından ayırır. Lakin, belə deyək, bizim bir yerdə olmadığımız hallar il ərzində çox olmur. Biz həmişə bir-birimizə can atırıq, yanaşı olmaq istəyirik”.