Əli Həsənov: Azərbaycan hakimiyyəti jurnalistin ölümünün araşdırılması ilə bağlı bütün lazımi tədbirləri həyata keçirir

gundem
11-08-2015, 12:14 1236
Əli Həsənov: Azərbaycan hakimiyyəti jurnalistin ölümünün araşdırılması ilə bağlı bütün lazımi tədbirləri həyata keçirir Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı açıqlamasına münasibət bildirmişdir. O, qeyd etmişdir ki, Prezident İlham Əliyev jurnalistin ölümündən ciddi narahatlığını ifadə etmiş və bunu ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirmişdir. Dövlət başçısı aidiyyəti orqanlara cinayət faktının hərtərəfli araşdırlması, günahkarların tapılması və məsuliyyətə cəlb edilməsi ilə bağlı tapşırıqlar vermiş və məsələni şəxsi nəzarətinə götürmüşdür. Cənab Prezident bəyan edib ki, bundan sonra da söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması məsələlərini nəzarətdə saxlayacaqdır.

Əli Həsənovun sözlərində görə, respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi jurnalistin ölümünün səbəbinin araşdırılması və günahkarların qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirmiş, məsələ barədə ictimaiyyətə dolğun məlumat verilmişdir.

Lakin cənab Yaqlandın açıqlamasından görünür ki, o, baş vermiş hadisənin mahiyyəti, Azərbaycan hakimiyyətinin bu hadisəyə münasibəti, görülmüş işlər və hətta söhbətin kimdən getdiyi barədə bir o qədər də geniş məlumata malik deyildir. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin məsələ ilə bağlı gördüyü işlərlə tanış olduqdan sonra T.Yaqlandın bu tipli açıqlamalarına ehtiyac qalmayacaqdır.
O ki qaldı jurnalistlərə qarşı zorakılıq, onların ölümü ilə bağlı məsələlərə, qeyd etməliyəm və təcrübə də göstərir ki, dünyanın heç bir ölkəsi bu tipli cinayətlərdən sığortalanmayıb. Əsas odur ki, hakimiyyət hadisəni düzgün qiymətləndirsin, məsələ obyektiv araşdırılsın, təqsirkarlar barədə qanuna uyğun şəkildə ölçü götürülsün, habelə bu kimi halların gələcəkdə təkrarlanmaması üçün ciddi iradə nümayiş etdirilsin və zəruri tədbirlər görülsün. Azərbaycan hakimiyyəti bütün bunları etmişdir, ictimaiyyət də həyata keçirilən tədbirləri anlaşıqlı qarşılayır və dəstəkləyir.
Ümumiyyətlə, Azərbaycanda hakimiyyətlə vətəndaş cəmiyyəti institutları – qeyri-hökumət təşkilatları, siyasi partiyalar, kütləvi informasiya vasitələri, dini və milli azlıqları təmsil edən qurumlar arasında çox yaxşı dialoq mövcuddur. Hakimiyyət və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri arasında müntəzəm qaydada görüşlər keçirilməsi, cəmiyyəti narahat edən məsələlərin müzakirə olunması və problemlərin həlli üçün birgə səy göstərilməsi bunu açıq şəkildə təsdiq edir.
Azərbaycan hakimiyyəti bu günə kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş və bundan sonra da bu istiqamətdə öz səylərini davam etdirmək əzmindədir.