“Ermənistan Azərbaycan ərazilərini ilhaq siyasəti yeridir” –XİN sərt təpki

siyaset
6-09-2016, 11:39 2033
“Ermənistan Azərbaycan ərazilərini ilhaq siyasəti yeridir” –XİN sərt təpki
"Bu ilin mart ayında BMT Baş Assambleyasına təqdim edilən "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat erməni mənbələrindən götürülmüş məlumatlar əsasında hazırlanıb”.
Bunu Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.
O bildirib ki, hesabatda Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüquqa məhəl qoyulmadan Ermənistan tərəfindən məskunlaşmanın həyata keçirilməsi, şəxsi və dövlət mülkiyyətində olan obyektlərin, maddi-mədəniyyət abidələrinin, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti kimi davamlı fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər öz əksini tapıb:
"Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara çıxarılması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır. Həmçinin, hesabatda təqdim olunan faktlar münaqişənin siyasi həllinə yönəlmiş hazırkı səylərə baxmayaraq, Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq və işğal olunmuş Azərbaycan ərazilərini açıq-aşkar ilhaq etmək siyasəti yürütdüyünü sübut edir”.