» » “Hər qarış torpağımızın azad olunacağını gözləyirik” - MÜSAHİBƏ


“Hər qarış torpağımızın azad olunacağını gözləyirik” - MÜSAHİBƏ

29-08-2016, 11:27
Oxunub: 916
Çap et
“Hər qarış torpağımızın azad olunacağını gözləyirik” - MÜSAHİBƏ
Nəhayət ki, Türk Ordusu tankı-topu ilə birlikdə sərhədi adlayaraq, Suriya ərazisinə girdi. Amma əvvəlki vaxtlardan fərqli olaraq, nə Amerika etiraz elədi, nə də Rusiya - heç Bəşər Əsədin də səsi çıxmadı. Türk Ordusu yarım günə xeyli kəndi və İŞİD-in istinadgahı, eləcə də PYD-nin iştahını çəkən Cerablus şəhərini azad edib, Suriya müxalifətinə təhvil verdi. Deyirlər, ordunun istiqaməti bölgənin ən iri şəhəri olan Menbicədir. Ümumilikdə, 70 kilometr irəliləyəcək. Türkmənlərin İŞİD-in əsarətindən qurtulması baxımından bizi də sevindirir bu əməliyyat, amma proses harada bitəcək və Türkiyənin sərhədləri tam təmizlənəcəkmi?
Suriya Türkmən Məclisinin sədri Emin Bozoğlanla söhbətləşib, hadisələrə dilindən söz almaq istədim. Əlbəttə, geniş danışıb, oxucularımıız tam məlumatlandırmasa da, hər halda dialoqumuz baş tutdu və nədən söz açdığımızı özünüz oxuyun:
- Türkiyə Silahlı Qüvvələrinin birbaşa iştirakı və beynəlxalq koalisiyanın da dəstəyi ilə başlayan əməliyyatlar davam etməkdədir. Avqustun 24-də gecə saat 4-də başlayan "Fərat qalxanı" əməliyyatına Suriya türkmənlərinin yaratdığı Sultan Murad alayı da qatılıb və İŞİD-ə qarşı qəhrəmancasına döyüşür. Məhz Sultan Murad alayının rəhbərliyindən aldığım məlumata görə, hazırda Cerablus və ətrafı silahlı terrorçulardan tam azad edilib. "Fərat qalxanı" əməliyyatı bütünlüklə Suriyanın şimalında yaşayan türkmən xalqında, tükmən kənd və qəsəbələrinin azad edilməsi üçün ümid doğurub.
- Deyirlər, Türkiyə ABŞ tərəfindən sözdə dəstəklənsə də, əslində Rusiyadan kömək alır. Siz bu məsələyə necə baxırsınız? Türkiyənin məhz Rusiyanın dəstəyi ilə Suriya sərhədlərini keçməsi barədə gümanlar real səslənirmi?
- Bu barədə dəqiq məlumatı bizdən yox, Türkiyə hökumətinin nümayəndələrindən almaq olar. Çünki prosesin necə, hansı formada getdiyini, kimlərin dəstək verdiyini onlar bilir.
- ABŞ-ın yardımından söz düşmüşkən, dünənədək PYD-YPG qüvvələrini silah-sursatla təmin edən Vaşinqtonun kürd silahlıların şimal-qərbə irəliləməsinə mane olmaq istəməsi inandırıcı görünmür. Türkiyəni Suriyaya çəkmək üçün tələ deyil ki bu?..
- Türk Ordusunun sözügedən əməliyyatlara start verməsindən öncə ABŞ-la Türkiyə arasında müzakirələr olub və yəqin ki, razılaşdırılıb. İnşallah, nəticələrin necə olacağını proses davam etdikcə açıq-aşkar görəcəyik.
- Bildiyim qədər, Əsəd rejimi də Türkiyənin Cerablusa girməsinə razılaşıb, hətta PYD silahlılarının mövqelərinə aviazərbələr endirib. Sizcə, Ankara Əsədə qarşı mövqeyini onu razı salacaq qədər yumşaltdımı? Ümumiyyətlə, Ankaranın Bəşər Əsədə qarşı mövqeyinin dəyişməsinə münasibətiniz necədir? Türkmənlərin gözü ilə baxsaq, Bəşər Əsəd - Ankara yaxınlaşması müsbət nəticə verəcək, yoxsa mənfi?
- Mən bu suala cavab olaraq deyə bilərəm ki, Türkiyənin Suriya siyasətindəki dəyişikliklər son vaxtlar sülhün bərqərar olacağına dair ümidləri artırıb. Hesab edirəm ki, bu cür siyasət həm döyüş meydanlarında, həm də siyasi müstəvidə mövqelərimizi gücləndirəcək. Prosesin gedişatı dediklərimi açıq sübut edir.
- Xəbərlərdən izlədiyimiz qədər, eyni zamanda Əsəd ordusu Afrin və Türkmən dağına qarşı da aviasiya və top atəşlərini gücləndirib. Sizcə, Afrinin kürdlərdən təmizlənməsi mümkündürmü? Yəni gələcəkdə bu bölgənin kürtlərsiz, ərəb və türkmənlərin yaşadığı bölgə olaraq görməyə ümid edə bilərikmi?
- Mən belə düşünmürəm. Konkret olaraq bizim Türkmən Məclisi Suriyada yaşayan və terror qruplaşmaları ilə əlaqəsi olmayan heç bir milli azlığa qarşı belə davranışların baş verməsini istəmir. Əksinə, çalışırıq ki, bu torpaqlarda məskunlaşan bütün milli cəmiyyətləri bir bayraq altında birləşdirəcək vahid Suriya dövləti yaradaq.
- Sizdə dəqiq məlumat varsa söyləyin: Türkiyə Cerablusa konkret nə qədər canlı və texniki qüvvə ilə daxil olub? Koalisiyanın dəstək verdiyini bilirik, sadəcə, Türkiyənin iştirak payını dəqiqləşdirmək istərdim...
- Bayaq da dedim, elə şeylər var ki, Türkmən Məclisi olaraq onun hesabını aparmırıq və bu bizim səlahiyyətimizdə də deyil. Əməliyyatları Türkiyə ordusu başlayıb və belə sirləri yaymır adətən.
- Cerablusdan sonra Menbiçin də İŞİD-dən məhz türk ordusunun hücumu ilə azad olunması kimi bir niyyət varmı, yoxsa əməliyyatlar elə burda da başa çatacaq?
- Bizim istək və arzularımız əməliyyatların Suriyanın bütün şimal torpaqlarının terrorçu ünsürlərdən tam azad olunacağı anadək davam etməsidir. Qeyd edim ki, bu bölgədə 142 türkmən kəndi var. İnşallah, hərbi əməliyyatlar başa çatanda bütün türkmən kəndlərimiz də öz azadlıqlarına qovuşacaqlar.
- Yeri gəlmişkən, necə zənn edirsiniz: konkret olaraq Suriyanın şimalında nə vaxt sabitlik və rifah yaradalıcaq? Türkiyə rəhbərliyinin də dediyi kimi, ordu Suriyanın daxilinə doğru 70 kilometr irəliləyərək torpaqları İŞİD-dən təmizlədikdən sonra türkmənlərin həmin ərazilərdə yerləşdirilməsi nəzərdə tutulubmu? Ümumiyyətlə, başlanan prosesdən siz türkmənlərin gözləntisi nədir?
- Bütün kəndlərimizin, hər qarış torpağımızın azad olunacağını gözləyirik. Bizim üçün terrorçu təşkilatın adının nə olması önəmli deyil, əsas odur ki, torpaqlarımızı onlardan tamamilə təmizləyək. Hesab edirəm ki, rahat və firavan yaşayacağımız günlər yaxındadır. Allah ən çətin günümüzdə yanımızda olan Türkiyə dövlətini, türk ordusunu və əziz türk millətini qorusun.
Reytinq: