Bakıda binaların faciə mənbəyi - "dam qapısı"

sosial
2-08-2016, 11:38 886
Bakıda binaların faciə mənbəyi - "dam qapısı"
Bakıda binaların damına çıxış üçün nəzərdə tutulan qapılar həm də faciə mənbəyidir. Ölkədə intiharların sayının artdığı dönəmdə, eyni zamanda binaların üzərinə çıxıb, orada şelfi çəkdirən gənclərin videogörüntüləri yayılanda bu mövzu cəmiyyətdə xeyli aktuallaşmışdı. Həmin vaxt mənzil-kommunal istismar idarələri qınanıldı ki, onlar binaların istismar təhlükəsizliyinə düzgün nəzarət edə bilmirlər. Nəticədə əksər 5 və 9 mərtəbəli binaların damına çıxış qapısına kilidlər vuruldu.
Musavat.com-a istinadən, hazırda da əksər binaların dam örtüyünə açılan qapılar kilidlidir. Sakinlərlə söhbətimiz zamanı bildirdilər ki, buna mənzil-kommunal istismar idarələrinin əməkdaşları nəzarət edirlər. Qapıların da açarları onlardadır. Lakin bəzi binalarda sözügedən qapıların açarının sonuncu mərtəbədə yaşayan sakinlərə də verildiyinin şahidi olduq. Onlar da adətən antenalara və binanın üzərində qoyulan digər əşyalara nəzarət edirlər. Açarı olan sakin evdə olmadığı ərəfədə isə binaların üzərinə çıxmaq mümkün deyil. Bunu intiharın və antena oğrularının qarşısının alınması üçün müsbət hal hesab edib, alqışlayanlar az deyil.
Lakin məsələnin başqa tərəfi də var. Belə ki, ötən il Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı keçirilən məhkəmə prosesində də binaların damına açılan qapılar müzakirə olundu. Orada bildirildi ki, bu qapılar açıq olsaydı, yuxarı mərtəbədə yaşayan sakinlər binanın üzərinə qalxar, yanğından və tüstüdən xilas ola bilərdilər. Həmin binada xəsarət alan, dünyasını dəyişən sakinlərin əksəriyyəti yuxarı mərtəbədə qalanlar olublar. Eyni zamanda bəhs etdiyimiz yanğın zamanı özünü binadan atan Yaşar Nəcəfzadə də yuxarı qalxar, aşağı düşə bilmədiyi üçün özünü yerə atmışdı.
Məsələ ilə bağlı Bakıda yerləşən çoxmərtəbəli binalarda olub, dama çıxış qapılarını yoxladıq. Məlum oldu ki, Bakıda əksər binaların heç damına çıxış üçün qapı da yoxdur. Yeni inşa olunan binaların sahibləri bu yeri də satıblar və sakinlər tərəfindən orada əşyaların qoyulması üçün xüsusi yer düzəldilib. Elə binalar var ki, hətta bu yer sakinlər tərəfindən otaq kimi də istifadə olunur. Əksəriyyəti bir girişdən ibarət olan bu binalarda hər hansı bir hadisə baş verərsə, yuxarı mərtəbədə yaşayan sakinlərin canlarını xilas etmələri üçün heç bir vasitə və imkan yoxdur.
Mövzu ilə bağlı rəsmi məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov əlaqə saxladıq. O. Bayramov sayta bildirdi ki, bu məsələ ilə məşğul olunur: "Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi binaların istismara qəbulu üçün rəy verərkən, bu hala xüsusi diqqət edirlər. Bu çıxışlar insanların təhlükəsizliyi baxımından lazımlıdır. Ancaq çox təəssüf ki, bəzi tikinti şirkətləri, mənzil-tikinti kooperativləri bu yerləri qapadıb, mansardları qeyri-qanuni formada satırlar. Bütün bunlar qeyd etdiyim kimi qanunvericiliyə, hüquqi normalara ziddir. Adını qeyd etdiyimiz agentlik bu işlərə ciddi nəzarət edir. Bəllidir ki, ölkədə bəzi binalar standartlara cavab vermədiyi üçün hələ də istismara qəbul edilməyib. Bunun bir səbəbi də odur ki, həmin binalarda qeyd etdiyimiz standartlar pozulub. Binalar istismara qəbul olunan zaman həmin çıxışlara xüsusi nəzarət olunur".