Dövlət qulluğunda çalışmaq istəyənlərə XƏBƏR VAR

gundem
19-07-2016, 14:26 1406
Dövlət qulluğunda çalışmaq istəyənlərə XƏBƏR VAR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət Statistika Komitəsi və Bakı Ağır Cinayətlər Məhkəməsində inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 80 vakant dövlət qulluğu vəzifənin tutulması məqsədi ilə 19 iyul 2015-ci il tarixdən yeni müsabiqə və ümumi müsahibə elan etmişdir. Vakant vəzifələrdən 75-i müsabiqəyə, 5-i isə ümumi müsahibəyə təqdim edilib.
Komissiyadan Milli.Az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vəzifələrdən 74-ü (6 vəzifə inzibati vəzifələrin 5-ci, 68 vəzifə isə 7-ci təsnifatına aiddir) Dövlət Statistika Komitəsinin mərkəsi aparatında və yerli bölmələrində, biri isə (inzibati vəzifələrin 6-cı təsnifatına aiddir) Bakı Ağır Cinayətlər Məhkəməsindədir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr (1 vəzifə inzibati vəzifələrin 5-ci, 4 vəzifə isə 7-ci təsnifatına aiddir) Dövlət Statistika Komitəsinin mərkəsi aparatında və yerli bölmələrindədir.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:
-​ dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı;
-​ qanunvericilik sahəsində - 40 test tapşırığı;
-​ informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
-məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytının "Dövlət qulluğuna qəbul" bölməsinin "Test imtahanı proqramları" alt bölməsində yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 19 iyul 2016-cı il tarixdən 17 avqust 2016-cı il tarixdə saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları sənədlərini 19 iyul 2016-cı il tarixdən 8 avqust 2016-cı il tarixdə saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat "Respublika" qəzetinin 19 iyul 2016-cı il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytının "Dövlət qulluğuna qəbul" bölməsinin "Elanlar" alt bölməsində verilmişdir.