"Ünvanlı sosial yardımdan imtina etməliyik"

sosial
12-07-2016, 13:09 1287
"Ünvanlı sosial yardımdan imtina etməliyik"
Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının nəticələrinə və qarşıya qoyulmuş vəzifələrə dair iclasında insanlara ünvanlı sosial yardımın verilməsi ilə bağlı məsələyə toxunub.
Ölkə başçısı bildirib ki, artıq ünvanlı sosial yardımdan imtina etməyin vaxtıdır: "Biz o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər".
Prezidentin çıxışına münasibət bildirən deputat Musa Quliyev azvision.az -a açıqlamasında ölkə başçısının təklifini dəstəklədiyini deyib. Millət vəkili qeyd edib ki, ünvanlı sosial yardım bütün dünya ölkələrində sosial yardımın keçid mərhələsi olub.
"Heç bir ölkədə kasıb əhaliyə daimi yardım edilmir. Aztəminatlı əhaliyə şərait yaradılır ki, onlar dövlətin, ictimaiyyətin dəstəyi ilə bu vəziyyətdən çıxsınlar. Bu mənada ünvanlı sosial yardım ölkəmizdə keçid mərhələsi üçün nəzərdə tutulmuşdu. Artıq Azərbaycanda yoxsulluq minumum həddə düşüb və ünvanlı sosial yardımın ödənilməsi xeyirdən çox zərər verməyə başlayıb. Prezidentin vurğuladığı kimi, insanlar ələbaxımlığa öyrəşirlər. Bundan başqa müəyyən insanlar müəyyən yollarla ünvanlı sosial yardım almağa çalışırlar".
Deputat, həmçinin vurğulayıb ki, yavaş-yavaş ünvanlı sosial yardım prinsipindən ailələrin sosial reabilitasiya prinsipinə keçmək lazımdır. "Ailənin yaşadığı regionun şəraitinə uyğun olaraq ona birdəfəlik yardımlar edilir ki, öz işini qursun və ya müəyyən kiçik biznes üçün lazım olan avadanlıqlar onlara alınıb verilir. Bununla da vətəndaşın öz əməyi ilə şəraitini yaxşılaşdırmaq, öz çörəyini qazanmaq imkanı yaradılır. Biz də yavaş-yavaş bu prinsiplə gedəcəyik. Amma dövlət yardımının başqa formalarını da seçmək lazımdır. Təkcə ünvanlı sosial yardımdan imtina edib, sosial reabilitasiya proqramına keçmək problemi həll etməz. Elə ailələr var ki, orada ailə başçıları əmək qabiliyyətinə malik deyillər, ailədə uşaqları çoxdur və ya xəstə insanlar var. Belə ailələrə konkret yardım formalarını fikirləşib tapmaq laızmdır. Bütünlükdə ünvanlı sosial yardımdan yavaş-yavaş imtina etməliyik".