Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"

idman
8-07-2016, 15:01 1506
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
Son dövrlərdə bir sıra Azərbaycan idmançılarında dopinq aşkarlanması məsələsi daha çox müzakirə edilən mövzulardan biridir. Bu məsələnin Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunması da istisna edilmir.
Məsələyə münasibət bildirən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Trend-ə deyib ki, idmanda dopinq məsələsindən təzyiq kimi istifadə olunur: "Bu idmandır, burada böyük maraqlar var. Ona görə də dopinq məsələsindən təzyiq vasitəsi kimi istifadə edilə bilər və bir çox halda da bundan istifadə olunur. Bunu nəzərə alaraq bizim idman federasiyaları da bu məsələyə çox ciddi yanaşmalıdırlar. Yəni bu təzyiqi, ikili standartları nəzərə alaraq, özləri də dopinq nəzarətini daha da güclü etməlidirlər. Həm məşqçilər, həm də idmançılar bu məsələdə daha məsuliyyətli olmalıdırlar. Biz nəzərə almalıyıq ki, bu məsələdə bizə təzyiqlə yanaşıla bilər. Çünki Azərbaycan bu gün özünü idman ölkəsi kimi təsdiq edib. Bizim iddialarımız var, Azərbaycan böyük idman yarışlarına ev sahibliyi edir, Olimpiya oyunlarına ev sahibliyi etmək istəyir. Ona görə nəzərə almalıyıq ki, bizə digər ölkələrdən daha diqqətlə baxırlar".
F.Muradov vurğulayıb ki, ümumiyyətlə Azərbaycanda dopinq məsələsinə ciddi nəzarət edilir: "Gənclər və İdman Nazirliyində də dopinqə nəzarət və dopinqlə bağlı maarifləndirmə istiqamətində xüsusi bölmə fəaliyyət göstərir".
Komitə sədri əlavə edib ki, "İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə" haqqında yeni qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupu fəaliyyətini davam etdirir: "Ümid edirik ki, sentyabr ayına qədər ilk layihə hazır olacaq".