"Prezident İlham Əliyevin NATO sammitində iştirakı xarici diplomatiyamızın gözəçarpan uğurudur"

siyaset
8-07-2016, 13:28 924
"Prezident İlham Əliyevin NATO sammitində iştirakı xarici diplomatiyamızın gözəçarpan uğurudur"
"Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun Varşavada keçirilən sammitində iştirakı Azərbaycan xarici diplomatiyasının, Azərbaycan prezidentinin apardığı siyasətin çox gözəçarpan uğurudur".
Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, NATO-nun hər bir sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə olunub: "Əminəm ki, bu sammitdə də bu istiqamətdə müzakirələr Azərbaycanın maraqları çərçivəsində təşkil ediləcək".
Komitə sədri bildirib ki, NATO faktiki beynəlxalq təşkilatlar içərisində öz nüfuzu, öz təsiri ilə güclü bir təşkilatdır: "Məhz burada Azərbaycanın ərazi bütövlüyünün dəfələrlə təsdiqlənməsi ona dəlalət edir ki, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi dəstəklənir və yüksək səviyyədə müdafiə olunur. Əminəm ki, Azərbaycan prezidentinin Varşavada NATO sammitində iştirakı Azərbaycanın mövqeyini daha da yüksək zirvələrə qaldıracaq. Biz bütün təşkilatlar ilə əməkdaşlıq edərək Azərbaycan maraqlarını uca saxlamışıq. Bu məhz Azərbaycan prezidenti İlham Əliyevin prinsipidir və həmin prinsip çərçivəsində də Azərbaycanın mövqeyi bir daha dünya ictimaiyyətinə çatdırılacaq".
S.Seyidov əlavə edib ki, Azərbaycan xarici diplomatiyası son dövrlərdə xeyli uğur qazanıb: "Buna misal olaraq Avropa Şurasında bu yaxınlarda Azərbaycanla bağlı keçirilmiş müsbət müzakirələri, Avropa Parlamentində ratifikasiya olunmuş Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq sazişini göstərmək olar".