Bakıdan Çinə yeni reys açıldı

iqtisadiyyat
10-06-2016, 12:46 1064
Bakıdan Çinə yeni reys açıldı
Çinin “China Southern Airlines” (Cənubi Çin Hava Yolları) aviaşirkəti müntəzəm Bakı-Urumçi-Quançjou aviareysini açıb.
"Qafqazinfo"xəbər verir ki, reysin açılış mərasimi ilə bağlı keçirilən tədbirdə Çin Hava Yollarının Urumçi bölməsinin müdir müavini Chin Li Hong məlumat verib ki, reysin açılması Çinlə Azərbaycan arasında dostluq, eləcə də iqtisadi-ticari əlaqələrinin inkişafına kömək edəcək. Onun sözlərinə görə, Bakı-Urumçi-Quançjou aviareysi iyulun 3-dən işə salınacaq: “Uçuşlar həftənin 2 çərşənbə və bazar günləri həyata keçiriləcək. Bakıdan uçuş vaxtı - 23:05, Urumçiyə gəlmə vaxtı - 07:00 (yerli vaxtla), Urumçidən uçuş - 09:40, Quançjouya gəlmə - 14:35¸ Quançjoudan uçuş - 12:50, Urumçiyə gəlmə - 18:10, Urumçidən uçuş - 20:10, Bakıya gəlmə - 21:05 nəzərdə tutulub.
“Boeing 737-800” təyyarələri ilə mütəmadi şəkildə həyata keçiriləcək reyslər sayəsində sərnişinlər uçuş vaxtına qənaət edə biləcəklər”.
Çin Cənub Hava Yollarının 10 ildir ki, ölkəmizdə fəaliyyət göstərdiyini deyən qurum rəsmisi söyləyib ki, 2006-cı ilin mart ayının 7-də ilk dəfə Bakı-Urumçu reysi həyata keçirilib: “Son bir ildən artıq müddətdə baş verən devalvasiya uçuşların dayandırılmasına səbəb olmuşdu. Lakin iyulun 3-dən etibarən reyslər daha geniş Bakı-Urumçi-Quançjou şəklində həyata keçiriləcək. Biletlərin qiyməti gediş-dönüş daxil olmaqla 770 manatdan başlayır.”
“Azərbaycan - Çin arasında dostluq, eləcə də mədəniyyətlərarası münasibətləri çox yaxşıdır. Hesab edirəm ki, bu reysin açılışından sonra ölkələr arasında turizm əlaqələrini genişləndirəcək. Hazırda Böyük İpək Yolunun bərpası strategiyası haqqında danışıqlar aparılır və düşünürəm ki, sözügedən reysin yenidən bərpası bu işə də öz töhfəsini verəcək”- deyə, Chin Li Hong əlavə edib.