Daha vergidən yayınmaq mümkün olmayacaq

sosial
8-06-2016, 11:54 783
Daha vergidən yayınmaq mümkün olmayacaq
Görülən bütün tədbirlərə baxmayaraq hələ də bir sıra sahələrdə, xüsusilə ticarət və iaşə, habelə müəyyən qədər istehsal sahələrində vergidən yayınma halları çoxdur:
Milli.Az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi Auditi və Operativ Vergi Nəzarəti İdarəsinin rəisi Toğrul Quliyev "Vergilər" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsilə aparılmış təhlillər, mənbəyi məlum olan məlumatlar və sahələrə təhkim olunmuş vergi əməkdaşları tərəfindən aparılmış müşahidələr zamanı müəyyən edilmiş riskli vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinin tələblərinin ciddi şəkildə pozulduğu aşkar edilir. Xüsusilə də, hazırda yoxlamaların sayının azaldılmasından sui-istifadə edərək vergidən yayınma hallarına yol verilir: "Cari ilin may ayında aparılmış vergi nəzarəti tədbirləri zamanı 6 vergi ödəyicisi tərəfindən 118 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib, bu hallar Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər aidiyyəti üzrə göndərilib
Bundan əlavə, aksizli malların istehsalı və satışı ilə məşğul olma fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 21,9 min manat məbləğində 2,2 min ədəd saxta aksizli mallar, 37,7 min manat məbləğində 8,6 min ədəd aksiz markası olmayan malların satışı halları və aksizli malların satış məqsədi ilə nağd qaydada alınmasına görə 146,2 min manatlıq 22,6 min ədəd mal aşkar edilib. Eyni zamanda, kustar üsulu ilə spirtli içki istehsal edən 2 şəxs müəyyən edilərək, bu hallar qanuna müvafiq qaydada rəsmiləşdirilib və sənədlər cinayət işinin başlanılması üçün aidiyyəti üzrə göndərilib.
Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 82 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilib və məhkəmələrə göndərilib".
İdarə rəisi qeyd edib ki, keçirilən vergi nəzarəti tədbirləri əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin də qənaətbəxş olmadığını göstərir: "Vergi orqanları tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə keçirilən vergi nəzarəti tədbirləri zamanı nöqsan aşkar edilməyən hallar demək olar ki, yoxdur. Bu sahədə riskli hesab edilmiş 257 vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilib və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4 dəfə azaldıldığı müəyyən edilib. Ümumiyyətlə, sahibkarlıq subyektlərinin vergi yoxlamaları və ya vergi nəzarəti tədbirləri zamanı maliyyə sanksiyalarına məruz qalması əsas etibarilə onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılmaması, pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması nəticəsində baş verir".
T.Quliyev bildirib ki, vergidən yayınan və ya qanunvericiliyin tələblərinə əməl etməyən riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün Vergilər Nazirliyi tərəfindən hazırlanmış yeni proqram təminatı yaxın zamanlarda istifadəyə veriləcək: "Bu yeni proqram təminatı vasitəsi ilə vergidən yayınan vergi ödəyiciləri müəyyənləşdirilərkən avtomatik olaraq vergi nəzarətinin növü də seçiləcəkdir. Bu yeni metod vergi ödəyicilərinə təyin ediləcək yoxlamaların tam əsaslandırılmasına, vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə olunmasına, vaxt itkisinin qarşısının alınmasına kömək etməklə yanaşı vergidən yayınan vergi ödəyicilərinin vaxtında aşkar edilməsinə imkan verəcəkdir. Dövlət sahibkarlar üçün daha əlverişli biznes mühiti yaratmaq üçün nə lazımdırsa edir. Lakin sahibkarlar da, öz növbələrində, qanunvericiliyin tələblərinə əməl etməli, gəlir və xərclərin uçotunu düzgün aparmalı, vergiləri dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəməlidirlər. Bu, hər bir vergi ödəyicisinin Konstitusiya ilə müəyyən edilmiş vəzifəsidir və hamı bu vəzifəni yerinə yetirməyə borcludur".