Hərbi xidmətdən möhlət gənclərin elmə gəlişinə təkan verəcək

gundem
8-06-2016, 11:50 977
Hərbi xidmətdən möhlət gənclərin elmə gəlişinə təkan verəcək
Hərbi xidmətə çağırışdan möhlət hüququ ilə bağlı qanunvericiliyə edilən dəyişiklik təhsilin fasiləsizliyini təmin edəcək, gənclərin elmə gəlişinə təkan verəcək.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, iyunun 7-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi elm və təhsil komitəsi ilə birgə keçirdikləri iclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" məsələyə baxılıb:
"İndiyədək hərbi xidmətə çağırışdan möhlət hüququ ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi. Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq. Həmçinin xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.
Bu dəyişiklik magistr və doktorantlara çağırışdan möhlət hüququnun verilməsi ilə təhsilin fasiləsizliyini təmin edəcək, gənclərin elmə gəlişinə təkan verəcək".
A.Mirzəzadə qeyd edib ki, hər iki komitədən deputatlar rəylərini bildirdikdən sonra "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.