Azərbaycan 150 milyard investisiya qoyub

iqtisadiyyat
31-05-2016, 13:36 1074
Azərbaycan 150 milyard investisiya qoyub
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında “2015- ci ilin dövlət büdcəsinin icrası haqqında” məsələ müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ötən il dünyada yaşanan və hələ davam edən qlobal maliyyə- iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib: “Xüsusilə, bu təsirlərin manatın devalvasiyasına gətirib çıxardığını bilirik. Ancaq bununla bağlı ötən ildən ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində təhlükləli risklərin qarşısı alınıb. İqtisadiyyata 20 milyard investisiya qoyulub. Bütövlükdə isə son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 150 milyard investisiya qoyulub ki, onun da böyük hissəsi daxili sərmayələrin payına düşür.
Ötən il büdcənin xərcləri 17,8 milyard olub. Düzdür, bu əvvəlki illərlə müqayisədə nisbətən az olsa da, qarşıya qoyulan hədəflərə çatmaq üçün kifayət edib. Bunun özü də uğurdur. Çünki 2003, 2004, 2005, 2006- ci illərin büdcə xərclərini hesablasaq, bunun bütövlükdə 2015- ci ilin büdcə xərcləri qədər olduğunu görmüş olacağıq. Ötən ildə investisiya layihələri dayandırılmayıb. Əksinə, kənd təsərrüfatının inkişafı daha prioritet sahə kimi önə çəkilib. Bölgələrdə üzümçülük, çayçılıq, pambıqçılıq sahələri salınıb”