General Ohanyanın iştahı böyükdür

siyaset
23-05-2016, 15:39 861
General Ohanyanın iştahı böyükdür
"Gizlətmək niyyətində deyilik: hərbi əməliyyatlar zamanı qoşunların yerdəyişməsi oldu. Məhz buna görə bəzi mövqelərimizdən geri çəkildik".

Milli.Az "Haykakan Jamanak"a istinadən bildirir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağ münaqişəsi zonasında "dördgünlük müharibə" nəticəsində Ermənistan ordusunun geri çəkilməsi barədə sualları cavablandırarkən belə deyib.

Ermənistan prezidenti Serj Sarkisyan "həmin hərbi əməliyyatlar nəticəsində 800 hektar ərazini itirdik" demişdi.
"Hərbi əməliyyatlar zamanı belə yerdəyişmələr olur. Lakin Ermənistan ordusu qarşısına qoyulmuş vəzifələri yerinə yetirdi. Doğrudur, 800 hektar ərazini itirdik. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesində bu ərazilərlə bağlı məsələ də müzakirə olunacaq. O əraziləri unuda bilmərik", - S.Ohanyan deyib.
O, həmin ərazilərin "Dağlıq Qarabağ ətrafındakı bufer zonada olduğunu" da vurğulayıb.

Dağlıq Qarabağdakı separatçı rejimin sabiq "xarici işlər naziri" Arman Melikyan isə bildirib ki, həmin ərazilər "bufer zonası"na daxil deyildi: "O ərazilər bilavasitə Dağlıq Qarabağın torpaqları idi və Ermənistan rəhbərliyindəki bəzi şəxslər də bunu unutmamalıdırlar".

Ermənistanın müdafiə nazirinin "dördgünlük müharibə"də Azərbaycan ordusunun azad etdiyi ərazilərin yenidən ermənilərə veriləcəyinə ümid etdiyini söyləməsi və bu ərazilərin "bufer zona"da yerləşdiyinin vurğulaması, Arman Melikyanın da sonradan guya "qəzəbli təkzibedici açıqlama" ilə çıxış etməsi bufonnada, ucuz təlxək oyunu sayıla bilər.

Oyunun məğzi isə Azərbaycanın işğaldan azad etdiyi ərazilərin Ermənistana "qaytarılacağına" ermənilərin ümid etməsidir.
Halbuki Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə bu məsələ ümumiyyətlə müzakirə olunmayıb, münaqişənin nizamlanmasına yönəlmiş danışıqlar prosesində bundan sonra da nəzərdən keçirilməyəcək.