"Bakı-Supsa neft kəməri Azərbaycan və Gürcüstan iqtisadiyyatlarının inkişafına töhfə verib"

iqtisadiyyat
16-05-2016, 14:22 1019
"Bakı-Supsa neft kəməri Azərbaycan və Gürcüstan iqtisadiyyatlarının inkişafına töhfə verib"
Bakı-Supsa neft kəmərinin istismara verilməsi vaxtilə Azərbaycan və Gürcüstan iqtisadiyyatlarının inkişafına töhfə verib.
Trend-ə istinadən, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunmuş məqaləsində deyilir.

Nazir qeyd edir ki, Bakı-Supsa boru kəməri bu günədək hər iki ölkə üşün vacib obyekt olaraq qalır: "Əgər Novorossiysk limanına çıxan Şimal boru kəməri ilə hər ton neftə görə tarif 15,67 ABŞ dolları təşkil edirdisə, Bakı-Supsa Qərb ixrac marşrutu ilə nəqletmə tarifi 3,14 dollar/ton (0,43 dollar/barel) təşkil edirdi. Həmin tranzit tarifinin hər ton neft üçün 1,20 dolları (0,17 dollar/barel) Gürcüstanın, qalanı isə Azərbaycanın payına düşürdü. Bu marşrutun üstünlüyü təkcə Azərbaycan neftinin təmiz halda, "Azəri light" markası ilə dünya bazarına çıxarılması və neftin daha ucuz nəql olunması ilə məhdudlaşmadı. Azərbaycanla Gürcüstan arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin yaranmasına rəvac verməklə, bu ölkənin də iqtisadi cəhətdən inkişafına töhfə verib".

Məqalə müəllifi bildirib ki, Bakı-Supsa kəməri istifadəyə verildiyi vaxtdan bu günədək bu boru kəmərilə 76,3 milyon ton neft nəql olunub: "Amma Bakı-Supsanın əhəmiyyətini yalnız maliyyə-iqtisadi göstəricilərlə müəyyənləşdirmək, zənnimizcə, onun missiyasını kiçiltmiş olardı. Bakı-Supsa Şərq-Qərb enerji dəhlizinin baza elementi olmaqla yanaşı, həm də Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirib".