Ermənistana SON XƏBƏRDARLIQ

medeniyyet
12-05-2016, 15:31 1260
Ermənistana SON XƏBƏRDARLIQ
Avropa Yayım Birliyi "Eurovision-2016" mahnı müsabiqəsinin finalında bu hadisənin bir də təkrarlanmaması üçün Ermənistan televiziyasını xəbərdarlıq edən bəyanat yayıb. Qurumun Nəzarət Qrupu Ermənistan nümayəndəliyi tərəfindən qaydaların bundan sonra pozulmasına yol verməyəcək. Əgər belə bir hadisə təkrarlanarsa, onlar finalda çıxışdan məhrum olunacaqlar.
AZƏRTAC-a istinadən, bu sözləri "Eurovision-2016" mahnı müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker Ermənistan təmsilçisinin birinci yarımfinalda qondarma respublikanın bayrağının nümayiş olunması məsələsini şərh edərkən deyib.
Tanınmamış bir qurumun bayrağının nümayiş etdirilməsinin düzgün olmaması ilə razılaşdığını bildirən Sietse Bekker Avropa Yayım Birliyinin Nəzarət Qrupunun məsələni diqqətdə saxladığını vurğulayıb: "Bu, "Eurovision" mahnı müsabiqəsinin qaydalarının ciddi şəkildə pozulması deməkdir. Nəzarət Qrupu Ermənistan İctimai Televiziyasına sanksiya tətbiq etməyi qərara alıb. Qərarın nəticəsi bu ilin iyununda keçiriləcək növbəti görüşdə açıqlanacaq. Bu, bir daha AYB-nin iştirakçı ölkələr tərəfindən qaydalara ciddi əməl olunmasını tələb etdiyini göstərir. Hər hansı bir ölkə belə hadisəni təkrarlayarsa, bunun ciddi nəticəsi ilə üzləşəcək".
Ermənistan-Azərbaycan arasında, xüsusilə də Dağlıq Qarabağda vəziyyətin nə dərəcədə ciddi olduğunu anladığını söyləyən Sietse Bekker bu gərginliyin uzun illərdir davam etdiyini və insanların bu məsələ ətrafında olan həyəcanlarını da başa düşdüyünü diqqətə çatdırıb: "Ona görə də Avropa Yayım Birliyi və Nəzarət Qrupu "Dağlıq Qarabağ"ın bayrağının nümayiş olunması hadisəsini siyasi bəyanat olaraq qəbul edir. Əlbəttə ki, bu xoşagəlməz haldır. "Eurovision" mahnı müsabiqəsi siyasi meydan deyil və bu belə də qalacaq. Bu səbəbdən də Nəzarət Qrupu tərəfindən Ermənistan televiziyasına qarşı ciddi reaksiya veriləcək və ciddi sanksiya tətbiq olunacaq. Biz hər zaman dəyərlərimizi ciddi şəkildə müdafiə etməyə çalışırıq. Bizim artıq Ermənistan nümayəndəliyi ilə söhbətimiz oldu. Onlara artıq Nəzarət Qrupunun Ermənistana sanksiyanın tətbiq olunacağı barədə qərarın nüsxəsi göndərilib. Biz bu hadisənin finalda da təkrarlanmayacağına əmin olmağa çalışırıq. Final mərasimində gözləmə otağına gətirilən bayraqlar xüsusi olaraq nəzarətdən keçiriləcək. Lakin belə haldan sui-istifadə olunarsa, bu bir daha siyasi mesaj olaraq qəbul olunacaq".