"KİV haqqında" qanun dəyişdirilir

medeniyyet
29-04-2016, 15:09 1311
"KİV haqqında" qanun dəyişdirilir
Azərbaycanda cinayət törətməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayan şübhəli və zərərçəkən şəxslərin də şəxsiyyəti barədə hər hansı məlumatların razılıq olmadan yayılması qadağan olunur.
Realfakt.az modern.az-a istinadən bildirir ki, Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsi barədə məlumat verən komitə sədri Rafael Hüseynov deyib ki, qanuna təklif olunan dəyişikliklər Azərbaycanda insan hüquqlarına hörmətin çərçivəsinin daha da artırılmasına xidmət edir:

"Bəzən mətbuatda hər hansı məlumat vaxtından əvvəl, şişirdilmiş formada ictimaiyyətə çatdırılır. Bu da nəticədə arzuolunmaz vəziyyətin yaranmasına səbəb olur.

Məqsədimiz bu kimi halların qarşısını almaqdır. Bu da təbii ki, bütün hallarda KİV-in işini məhdudlaşdırmaq demək deyil".

Qeyd olunub ki, qanunun 11-ci maddəsinə (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) əlavə olunan bəndə görə, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və "İnformasiya əldə etmək haqqında" qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yayılmasına yol verilməyəcək.

Maddənin 4-cü bəndi isə dəyişdirilərək belə verilir: "Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir".