Evləri bombalanan tərtərlilər: "Heç kəs heç hara tərpənmir"

arasdirma
27-04-2016, 15:17 1389
Evləri bombalanan tərtərlilər: "Heç kəs heç hara tərpənmir"
Realfakt.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, cəbhə xəttində erməni artilleriyası ötən gecə də susmadı. Düşmən tərəfi yenə də dinc sakinləri hədəfə aldı. Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmilər Tərtərin Qaynaq və Yuxarı Qapanlı kəndlərinə düşdü. Atılan mərmilərdən biri Yuxarı Qapanlı kənd sakini Azad Süleyman oğlu Kazımovun evinə düşüb. Gecə yarısına kimi davam edən atışmada kəndlərin ərazisinə təxminən 10-a yaxın mərmi düşdüyü bildirilir.
"Bu mənim evimdir. Bu sahəyə, evimin yanına, təxminən 5 dənəsini atdılar. Çox kəndlərə atdılar. Kəndlərin o tərəfinə, bu tərəfinə, əkin taxıl sahələrinə çox atdılar", - deyə kənd sakini Şamo Yusifov bildirib.
Düşmən təxribatı kəndlərin sakinlərini evlərini tərk etməyə məcbur edə bilmədi. Onlar Azərbaycan ordusunun düşmənə yetərli cavab verməsindən daha da ruhlandılar.
"İndi, Allaha şükür, özünüz də görürüsüz, şahidsiniz ki, bizimkilər yenə onları susdururlar. Yəni, onlar nədirlər ki, onların atdığı köhnə silahlardır, bizim ordu, Allaha şükür, müasir ordudur. Bu, bizim kəndimizdir, elimiz-obamızdır, bundan o tərəfə də bizimkidir. Yəni kənd camaatından heç kəs heç hara tərpənmir", - deyə kənd sakini Teymur Həsənov vurğulayıb.
Kənd sakinləri lazım gələrsə, düşmənin üzərinə yeriməyə hazır olduqlarını vurğuladılar.