Zakir Həsənov Tərtərdə

gundem
26-04-2016, 14:29 1233
Zakir Həsənov Tərtərdə
Müdafiə naziri, general polkovnik Zakir Həsənov ermənilərin aprelin 25-də ağır artilleriya atəşinə tutduğu Tərtər rayonunda mərmi zərbəsindən zədələnmiş 20 evin sakinləri ilə görüşüb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.
Qurum rəsmisi bildirib ki, nazir Z.Həsənov əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olub. Sonra nazir və rayonun icra başçısı Müstəqim Məmmədovla birlikdə həmin evlərə baş çəkib, zərər çəkən sakinlərlə görüşüb. Görüş zamanı sakinlərə dəymiş ziyanın müəyyənləşməsi və buna görə kompensasiyanın verilməsi barədə göstərişlər verilib.
Xatırladaq ki, erməni silahlı birləşmələri aprelin 25-dən 26-na keçən gecə Tərtər rayonunun və rayonun təmas xəttində yerləşən kəndlərini ağır artilleriya atəşinə tutub. Hadisə nəticəsində Tərtər rayonunda 1 ev tam dağılıb, 19 evə ciddi ziyan dəyib.