AMEA-nın iki bölməsi birləşdirildi

medeniyyet
21-04-2016, 16:19 1385
AMEA-nın iki bölməsi birləşdirildi
AMEA Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov vəzifəsindən azad olunub.
APA-nın xəbərinə görə, AMEA-nın bu gün keçirilən iclasında Elman Yusifovun Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilməsi haqda qərar qəbul edilib.
İclasda Geologiya və Geofizika İnstitutunun strukturunda “Seysmostraiqrafiya” şöbəsinin yaradılması, Botanika İnstitutunda Ekosistemlərin laboratoriyasının yaradılması, Genetik Ehtiyatlar İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, Nizami adına Ədəbiyyat İnstitutunda Beynəlxalq əlaqələr şöbəsinin yaradılması, Folklor İnstitutunda Azsaylı xalqların folkloru şöbəsinin yaradılması haqda qərar qəbul olunub.
İclasda AMEA Aqrar Elmlər Bölməsinin Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilməsi haqqında qərar da qəbul edilib.
Müvafiq qərarlarla Kamal Kərimov Aşqarlar Kimyası İnstitutunun “Aşqar” Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Bürosunun direktoru, Natiq Mürsəlov isə Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi təyin edilib.
İclasda “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın icrasına dair hesabat dinlənilib. AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Dövlət Proqramının icrası ilə əlaqədar yekun hesabatın hazırlanması haqqında 11 yanvar 2016-cı il tarixli sərəncama əsasən AMEA-nın elmi bölmələri və müəssisələrinin, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin, müvafiq nazirliklərin və tabeliyində elmi müəssisələr olan digər dövlət qurumlarının təqdim etdikləri məlumatlar əsasında ümumiləşdirilmiş yekun hesabat hazırlanaraq Rəyasət Heyətinin müzakirəsinə təqdim olunub.
Rəyasət Heyəti strategiyanın icrasına dair hesabatın bəyənilməsi və onun AMEA-nın Ümumi yığıncağının müzakirəsinə təqdim edilməsi haqqında qərar qəbul edib. Bildirilib ki, aprelin 29-da keçiriləcək AMEA-nın illik Ümumi yığıncağında “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın icrasına dair hesabat müzakirə olunacaq. Qeyd olunub ki, iclasda mükafatlar təqdim ediləcək.