Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb" - Nazir

iqtisadiyyat
21-04-2016, 16:08 1360
Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb" - Nazir
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, Ş. Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrimizin inkişafının Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb. Nazir bildirib ki, dünən təməli qoyulan Astara çayı üzərində dəmir yolu körpüsü də Azərbaycan prezidenti İlham Əliyevin İrana sonuncu rəsmi səfərinin uğurlu nəticələrindəndir.
O bildirib ki, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanıb.
"İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 53% artıb. Hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir. Azərbaycan və İran arasında Dövlətlərarası Komissiya, müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur. Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, bankçılıq, əczaçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür", - deyə nazir qeyd edib.
Bildirilib ki, SOCAR ilə İran Milli Neft Şirkəti və Qədir İnvestisiya Şirkəti arasında Memorandumlar imzalanıb. Naxçıvan Muxtar Respublikasının tələbatını ödəmək məqsədilə Təbii Qazın Mübadiləsi (swap) müqaviləsinin icrası davam etdirilir, qaz anbarlarından istifadəyə dair mövsümi rejim üzrə danışıqlar aparılır. İran vətəndaşlarına Naxçıvanda 10 avroya sərhəddə və hava limanında viza verildiyini qeyd edən Ş. Mustafayev İran vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi ilə bağlı işlərin aparıldığını bildirib.
Azərbaycan-İran əlaqələrinin vacib istiqamətlərindən olan nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcək. Dəhlizin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsü də Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi, iqtisadi, ticarət və yükdaşımalar sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Bu tarixi qərar yüksək keyfiyyətlə vaxtında icra olunacaq. Dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq.
Dəmir yolu körpüsünün tikintisi xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. Vurğulanıb ki, 2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşması nəzərdə tutulur. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin digər hissələrinin tikintisi üzrə danışıqlar aparılır. Belə ki, 164 km-lik Rəşt-Astara (İran) dəmir yolunun maliyyələşdirilməsi və tikintisi üzrə müzakirələr aparılır.
Ş. Mustafayev Azərbaycan və İran arasında imzalanmış “Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə” və “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında” sazişlərin tezliklə ratifikasiya edilməsinin əhəmiyyətini qeyd edib, elektrik enerjisinin satışı üzrə Çərçivə Sazişinin icrasının vacibliyini vurğulayıb.
Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Nazir qeyd edib ki, nəqliyyat, kənd təsərrüfatı, sənaye, əczaçılıq, səhiyyə, turizm, ikitərəfli və tranzit yükdaşımalarının artırılması, İranın Şərq-Qərb dəhlizinə qoşulması, Bakı-Astara-Təbriz-Naxçıvan və Naxçıvan-Təbriz-Tehran-Məşhəd dəmir yolu marşrutlarının həyata keçirilməsi, Azərbaycan şirkətlərinin İranın dəmir yollarının elektrikləşdirilməsi layihələrində iştirakı üçün geniş imkanlar mövcuddur. Bundan başqa, Azərbaycanın sənaye parklarına İran investorlarının cəlb edilməsi, birgə avtomobil istehsalı və əczaçılıq sahəsində əməkdaşlıq, aqroparklarda əməkdaşlıq, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, İran şirkətlərinin Aktau Logistika Mərkəzindən istifadəsi, Yekaterinburqda Azərbaycan-İran-Rusiya birgə logistik mərkəzinin yaradılması və s. sahələrdə də əməkdaşlıq üçün geniş potensial var.

İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycan-İran əlaqələrinin heç zaman bu qədər yüksək səviyyədə olmadığını vurğulayıb. Bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizi və bu dəhlizin vacib hissələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsü də Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar, turizm və ticarət əlaqələrinin genişlənməsi baxımdan əhəmiyyətlidir. M. Vaezi iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivlərinə dair fikirlərini də bölüşmüşdür.

Sonra “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC, İranın “Iran Khodro” və “Darou Pakhsh” şirkətləri arasında Azərbaycanda avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrası ilə bağlı 4 memorandum imzalanıb.