“Dedi, bircə döyüş olsaydı...” - ŞƏHİD HEKAYƏTİ

gundem
12-04-2016, 15:29 1219
“Dedi, bircə döyüş olsaydı...” - ŞƏHİD HEKAYƏTİ
- Bu uşağın nə qədər dostu varmış, ay Allah. Atasıyam, məndən heç vaxt heç nəyi gizlətməzdi. Amma mən bu günlərdə yenidən kəşf etdim oğlumu. Elə bir rayon yox idi ki, oradan dəfnə, hüzrə gələn olmasın. Çoxunu da tanımırdım. Hamısı da deyirdi ki, dostuyam...

Arif müəllim deyir bunu. Şəhid Müşfiq Orucovun atası. Əhmədlidə sinif otağında oturmuşuq. Zəngilan rayonu 7 saylı məktəbin sinif otağında. Burası da təəccüblü deyil. 1993-cü ildən, Zəngilandan didərgin düşəndən sonra Tağıyev adına Toxuculuq Kombinatının yataqxanasında dar bir otağa yığışıbmış Orucovlar. Elə Müşfiq də burda anadan olub. Bina isə indi elə bir vəziyyətdədir ki, nəinki qonaq qəbul etməyə yarayır, orada yaşamağın özü belə təhlükədir. Bu barədə bir az sonra...

...Müşfiqin ölüm xəbəri ailəyə ayın 4-də çatıb. Valideynlərinə onun ermənilərin Talış kəndi istiqamətində törətdiyi təxribatlar zamanı döyüşlərdə həlak olduğunu deyiblər. Minaatan imiş Müşfiq. Özü belə istəyibmiş. Arif müəllim deyir ki, Naftalanda xidmət edirmiş. Riyaziyyatı yaxşı bildiyinə görə, onu minaatanlar kursuna göndəriblər.

- Yanvarda yanına getmişdim. Deyirdi ata, yaxşı təlim keçiblər. Zərgər dəqiqliyi ilə haranı desələr, vura bilirəm, bircə döyüş olsaydı...


Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter texnikası” fakültəsini bitiribmiş.

- Dostlarının çoxu əsgərliyə getmişdi. Deyirdi ata, magistratura qaçmır ki. Gedim gəlim, magistraturanı da oxuyacam. Orta məktəbdə də nümunəvi şagird idi. Əla oxuyurdu. 4 il universitetdə oxudu, amma bir dəfə də bizə əziyyət vermədi. Özüm məktəbdə hərbi rəhbərəm, anası rus dili müəlliməsidi, elə bu məktəbdə. Müəllim uşağı olduğuna görə demirəm, çox zəkalı uşaq idi. Əziyyətə alışmışdı. Tələbə vaxtı da dərsdən sonra işləyirdi. Burada, yaxında şadlıq evində, dondurma sexində. Deyirdi qayıdım gəlim, yaxşı işə düzəlim, maşın alacam özümə. Maşın həvəskarıydı. Mən də deyirdim uşaqdı, salamat gəlsin, borc-xərc, köhnə də olsa ona bir maşın alacam. Qismət deyilmiş…

Aprelin 28-də məzuniyyətə gələcəkmiş. Dostunun toyuna.

- Mənə deyirdi məzuniyyətimi o günə salacam. Biz də hazırlaşırdıq. Həm onu qarşılamağa, həm də toya. Meyiti gəldi...


Müşfiq Hövsan qəbiristanlığında dəfn olunub. Dəfndə böyük izdiham yaşanıb.


Arif müəllimgilin yaşadığı ev isə… Əslində buna ev demək də mümkün deyil. Evdəki imkansızlıq ucbatından ailə yas mərasimini Arif müəllimin nənəsinin evində verir.


Ailə özü isə Tağıyev adına Toxuculuq Fabrikinin yataqxanasında heç bir şəraiti olmayan, antisanitariyanın baş alıb getdiyi bir otaqda yaşayır. Şəhidin valideynləri neçə illərdir müəllim maaşı ilə birtəhər dolanırlar. Düzdür, bu ərəfədə ailəyə pul yardımı etmək istəyənlər olub. Amma şəhidin valideynləri məğrurdur, bunu qəbul etməyiblər. Bu darısqal otaqda başsağlığına gələnləri qarşılamaq da mümkünsüzdür, təbii. Bu ailənin dövlət tərəfindən mənzillə təmin olunmasına ikiqat haqqı çatır. Həm məcburi köçkün, həm də şəhid ailəsi kimi...


Dərdli anayla isə söhbət eləməyə...gücümüz çatmadı. Bəs Müşfiqin sevdiyi qız vardımı? Bayaqdan bəri ilk dəfə üzündə xəfif bir gülüş peyda olur:

- Mənə deməzdi təbii belə şeyləri. Heç anasına, bacısına da deməyib istədiyinin olduğunu. Amma…

Bir qədər fikrə gedir. Nəyi isə yadına salmağa çalışır.


- Bir dostu var, Elvindi adı. Əsgərliyə gedəndə Elvinə bir yaddaş kartı vermişdi. Demişdi ki, burada vacib şəkillər var, saxla. Mən gələndə verərsən. Sonra Elvinlə telefonla danışmışdı. Demişdi ki, o kartı mənə göndər. Elvin də göndərmişdi. İndiyiəcən də bilmirik həmin kartda nə olub, nələr olub. Heç Elvin də demir. Eləcə susur…