Ağdamın cəbhəyanı kəndlərindən FOTOlar

gundem
7-04-2016, 15:24 744
Ağdamın cəbhəyanı kəndlərindən FOTOlar
Müharibənin də qaydası, qanunu və əxlaqı var. Müharibə zamanı iki tərəfin yalnız əsgərləri döyüşməlidir.

Düşmən tərəfi erməni olduqda isə bu qanunlar dərhal pozulur. Bir neçə gün davam edən döyüşlər zamanı erməni dövləti kimi, ordusunun da əxlaqsız olduğunu gördük. Ordumuza güc gələ bilməyən ermənilər dinc əhalini hədəf almağa başlayır.
Ölkə.az-a istinadən bildirir ki, qızğın döyüşlərin getdiyi bölgələrdən biri də Ağdam rayonu idi. Ordumuz düşmənin açdığı atəşlərə lazımi cavabını verir, bu həmlələrə tab gətirməyən ermənilər ordumuzun mövqelərini yox, dinc əhalinin yaşadığı cəbhəyani kəndləri iri çaplı silahlardan atəşə tuturdu. Düşmən tərəfi bununla əhali arasında panikanın yaranmasına çalışır, bununla da ordumuzun "sakitləşəcəyini" düşünürdü. Ancaq Ağdam rayonunun cəbhəyanı ərazisində yaşayan kənd sakinləri düşmənin onları hədəf almasına baxmayaraq kəndlərini tərk etmirdi. Kənd əhalisi həm ordumuza güvənir, həm də qorxmadıqlarını göstərmək üçün kəndlərdə yaşamağa davam edirdi.

Azərbaycan ordusunun hədəflərini düzgün nişan ala bilməyən, ordumuzun həmləsinə tab gətirə bilməyən ermənilər digər bölgələrdə olduğu kimi Ağdamda da dinc əhalinin yaşadığı kəndləri hədəf almışdı. Ermənilərin açdığı atəş nəticəsində Ağdam rayon Əhmədağalı, Çəmənli və Zəngişalı kəndlərində evlər dağıdılıb, dinc əhalidən bir nəfər həlak olub, xeyli sayda heyvan isə tələf olub.

Ermənilər Əhmədağalı kəndini top atəşinə tutan zaman top mərmisi kənd məscidinin yaxınlığına düşüb. Həmin zaman oradan qoyunları ilə keçən Qaraş Dadaşov top mərmisinin qurbanı olub. Bundan əlavə mərhumun 17 baş qoyunu da tikə-tikə olub.

Bundan başqa ermənilərin atdığı top mərmiləri Əhmədağalı kənd sakini biologiya müəllimi olan Familə İsmayılovanın evinin üstünə düşüb. Xoşbəxtlikdən Familə İsmayılova həmin zaman evində olmayıb. Evə dəyən top mərmisi evi tam yararsız hala salıb.

Çəmənli kəndinə çatarkən məlum olur ki, əməkdaşlarımız Əhmədağalı kəndində olarkən Çəmənli kəndinə də top mərmisi düşüb. Erməni tərəfinin atdığı top mərmisi Sultanov Tahirin həyətinə düşüb. Top mərmisinin partlaması nəticəsində Soltanov Tahirlə qonşusu İsmayılov Maisin evlərinə ciddi ziyan dəyib. Çəmənli kəndində ermənilərin top atəşi nəticəsində xeyli ev dağılıb və ciddi ziyan dəyib. Çəmənli kəndində ermənilərin açdığı atəş nəticəsində bir çox iribuynuzlu heyvan da tələf olub.

Əməkdaşlarımız daha sonra rayonun Zəngişalı kəndinə gediblər. Burada da ermənilərin topdan açdığı atəş nəticəsində top mərmisi Quliyev Tanrıverdinin evinin üzərinə düşüb. Top mərmisinin partlaması nəticəsində bu kənddə də bir çox kənd sakinin evləri yararsız hala düşüb.

Ermənilər kəndlərimizi, dinc əhalimizi atəşə tutsa da, ağdamlılar kəndlərdə yaşayır, əkin-biçinlə, öz gündəlik qayğıları ilə məşğul olurlar. Ağdam camaatı ordumuza inandığı üçün nəinki kəndləri tərk etmir, hətta lazım gəlsə silahlanıb düşmənlə vuruşmağa hazır olduqlarını bildirirlər...