AZAL-dan pulsuz bilet aksiyası

maraqli
31-03-2016, 10:23 1242
AZAL-dan pulsuz bilet aksiyası "Azərbaycan Hava Yolları" (AZAL) 9 May - Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümünə həsr olunmuş yeni aksiyaya başlayıb.
AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, aksiya çərçivəsində Sovet İttifaqı qəhrəmanları və SSRİ Şöhrət Ordeninin 3 dərəcəsi ilə təltif olunan şəxslər, I, II və III qrup Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları, Böyük Vətən müharibəsində yaralanan, kontuziya alan və həlak olan hərbi qulluqçuların dul arvadları AZAL-ın marşrut şəbəkəsinin istənilən istiqamətinə pulsuz aviabilet əldə edə biləcəklər. Aksiya çərçivəsində pulsuz aviabilet həmçinin onları müşayiət edən bir sərnişin üçün də nəzərdə tutulub.
Aksiya çərçivəsində aviabiletlərin rəsmiləşdirilməsinə 11 aprel tarixindən başlanılacaq. Gediş tarixi mayın 3-dən 12-dəkdir. Geri dönüş tarixi isə sərnişinlərin istəyindən asılıdır.
"İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidməti vardır. Biz bu Qələbəni bizə hədiyyə edənlərə böyük hörmətlə yanaşırıq. Azərbaycanın milli aviadaşıyıcısı üçün veteranlara uçuşlar yerinə yetirdiyimiz istənilən şəhərdə olmaq imkanı yaratmaq böyük şərəfdir", AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.
Veteranlar aviabiletləri AZAL-ın kassalarında, həmçinin aviaşirkətinin xarici dövlətlərdəki nümayəndəliklərində rəsmiləşdirə bilərlər. Bu aksiya çərçivəsində aviabilet əldə etmək üçün Böyük Vətən müharibəsi veteranları kateqoriyasına mənsub olduğunu təsdiqləyən sənəd təqdim olunmalıdır.