Kamran Həsənlidən Samir Piriyevə cavab: "Kişi söhbəti elə"

sou
31-03-2016, 10:21 1471
Kamran Həsənlidən Samir Piriyevə cavab: "Kişi söhbəti elə" Vəkil: "Şəxsi danışıqları yazıb yaymaq bir cinayətdir".
“Kişi kişi ilə söhbət edər. Bu işdə olmayan bacım Gülərin adının çəkilməsi qəbul edilməzdir. Qadının adının hallanması yaxşı hal deyil. Onun həyat yoldaşı şahid idi, üzləşmədə gəlmədi. Biz də heç tələb etmədik ki, o gəlsin. Sən Gülər görmüsən ki, onun adını çəkirsən?”. Bu barədə ANS PRESS-ə açıqlamasında məşhur şoumen Kamran Həsənli bildirib.
"Sən Gülər görmüsən ki, onun adını çəkirsən”
Bu gün Samir Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu “Samir Piriyev 115 min dolları 50% Kamrana inanıb veribsə, 50% bacısı Gülər Həsənliyə görə verib. Gülər xanım Türkiyədə yaşayıb, işlədiyi üçün o qədər pul Kamran Həsənliyə verilib”, deyə bildirib.
Kamran Həsənli müğənni Samir Piriyev haqqında hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayətin səbəbi isə S. Piriyevin ondan icazəsiz səsini yazması və bu səs yazısını kütləvi informasiya vasitələrində yayması olub:
“Qanunvericiliyə görə, kiminsə səsini icazəsiz yazmaq və onu ictimailəşdirmək cinayətdir. Səsi yalnız istisna hallarda, müəyyən qurumlar yaza bilər. Samir Piriyev belə bir qanunazidd əməl törədib və onun bu əməlində cinayət tərkibi var. Hüquq-mühafizə orqanlarına şikayət etmişik”.
Samir Piriyev - müğənni
Samir Piriyev - müğənni
“Səsyazma məsələsinə gəldikdə isə biz mətbuata səsyazmanı təqdim etmədən öncə protokol qaydasında müstəntiqə təqdim etmişik, daha sonra mətbuata yaymışıq. Kamran Həsənlinin səsyazması şəxsi həyatına müdaxilə deyil. Samir Piriyev üçün Kamran Həsənlinin dələduzluğunu sübut edəcək yeganə predmet, vasitə səsyazma idi. Samirin başqa məqsədi olmayıb. Samir sübut olaraq Kamranın səsini yazıb. Samir K. Həsənlinin şəxsi həyatından sual verməyib. Burada qanun pozuntusu yoxdur. Kamran istədiyi hüquq-mühafizə orqanına müraciət edə bilər”, - deyə Ruslan Əhmədoğlu qeyd edib.
Kamran Həsənli müğənnini məhkəməyə verir
Bununla bağlı açıqlama verən Kamran Həsənlinin vəkili Türkel Süleymanlı səsyazısının yayılmasını qeyri qanuni adlandırıb.
“Sonuncu dindirmədən sonra biz müstəntiqdən bu barədə soruşduq. Müstəntiq bildirdi ki, belə şey ola bilməz. Heç bir müstəntiqin buna ixtiyarı yoxdur. Şəxsi danışıqları yazıb yaymaq bir cinayətdir. Cinayət Məcəlləsinin 155-ci maddəsində bu, öz əksini tapıb. Biz artıq bu barədə müraciət eləmişik. Bunu yalnız təhlükəsizlik, daxili işlər orqanları edə bilər. O da məhkəmənin icazəsi, prokurorun sanksiyası ilə mümkündür. Bu həmçinin şantaj kimi qiymətləndirilir”, - deyə Türkel Süleymanlı bildirib.
Vəkil həmçinin Samir Piriyevin Kamran Həsənliyə yaşadığı evi onun adına keçirməsi xəbərini bir başa şantaj adlandırıb.
Vəkil Türkel Süleymanlı
Vəkil Türkel Süleymanlı
“Piriyev Kamran Həsənliyə yaşadığı evi onun adına keçirmə müqabilində təqibi dayandırmasıyla bağlı xəbər göndərib. Bu bir başa şantajdır. Həmçinin Kamran Həsənlinin bacısı Gülər Həsənlinin bu işdə adının hallanması sui istifadədir. Biz vəsadət vermişik ki, cinayət işinə xitam verilsin. Həmin vəsadət müəyyən araşdırmalar getdiyinə görə rədd olunub. Həmin vəsadətdə bir məqam var. Piriyev orqana müraciətində yazıb ki, Kamran Həsənli mənə tikilməkdə olan bir obyektə yerə şərik olmağı təklif elədi. Mən pulu verdim sonra Türkiyəyə gedəndə gördüm ki, heç bir obyekt yoxdur. Amma özü istintaqda üzləşmə zamanı etiraf elədi ki, Kamranın burada ona şəklini göstərdiyi, pul qoyduğu obyekti olduğu kimi Türkiyədə görüb. Gedib görüb ki, həmin obyekt həmin cür orda var. Xüsusi dindirmə protokolunda bu var. Antalyada torpaq bahadır, o zaman ora beş milyon dollara qiymətləndirilirdi. Belə olan halda bu mülki mübahisədir, bunun cinayətə heç bir əlaqəsi yoxdur” - deyə vəkil vurğulayıb.
Kamran Həsənliyə cinayət işi açılıb
Martın 10-da bir sıra KİV-də Kamran Həsənlinin müğənni Samir Piriyev tərəfindən məhkəməyə verilməsi barədə məlumat yayılıb. Buna səbəbin isə Kamran Həsənlinin müğənniyə qarşı dələduzluq etməsi göstərilirdi.
Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb. Şoumen isə yayılan məlumatları təkzib etmişdi.