TQDK: 100-ə yaxın məzun adını da yaza bilmir

tehsil
29-03-2016, 16:22 1162
TQDK: 100-ə yaxın məzun adını da yaza bilmir Azərbaycanda keçirilən buraxılış imtahanlarında iştirak edənlər arasında oxuyub-yazmağı bilməyənlər də var.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, bu hal 9-cu və 11-ci siniflərin şagirdləri arasında aşkarlanıb. Onların ümumi sayı 100 nəfərdir.
"Belələri 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfərdir. Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmaması nəzərə alınsa, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar".
Eyni zamanda Azərbaycanda abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında topladıqları ballarla müqayisəsi aparılıb. Attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan balları müqayisə edilib:
"Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.02%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0–200 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 48.46%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir”.
Qeyd olunub ki, son 11 ildə Azərbaycanda məzunların sayı 35 minə yaxın azalıb.