Bakıda yataqxana binası çökdü

hadise
29-03-2016, 10:18 839
Bakıda yataqxana binası çökdü Hadisə 20 ailə yaşayan binanın 3-cü və 4-cü mərtəbəsində olub.
Bakının Xətai rayonunda yerləşən yataqxanada uçqun baş verib. ANS PRESS-in məlumatına görə, hadisə paytaxtın Cavanşir küçəsi 10 ünvanında yerləşən beşmərtəbəli yataqxana binasının 3-cü və 4-cü mərtəbəsində olub. Buna görə binaya giriş və çıxış məhdudlaşıb, ərazi xəbərdaredici lentlərlə mühasirəyə alınıb.
Xoşbəxtlikdən uçqun zamanı heç kim xəsarət almayıb. Binanın ən təhlükəli hissəsi mətbəxdədir. Çünki mətbəxin döşəməsi və tavanı binanın arakəsməsi hesab edilir.
"Sakinlərin bir qismi gecəni həyətdə, tonqal ətrafında keçirib"
Uçqun olan binanın sakinləri təxliyyə ediliblər. Həmin insanların bir qismi qonşuluqda, digər qismi isə binanın həyətyanı sahəsində tonqal ətrafında gecələməli olub.
Fövqəladə Hallar Nazirliyindən ANS TV-yə verilən məlumata görə, mütəxəssislər bir müddət əvvəl binaya baxış keçirib, mətbəx və sanitar qovşaqlardan istifadənin təhlükəli olması barədə sakinlərə və yerli icra strukturlarına xəbərdarlıq olunub. Mərtəbələrdəki ümumi mətbəxlər bağlanıb, onlardan istifadə qadağan edilib. Amma yataqxana sakinləri bu qadağaya məhəl qoymayıb.
Xətai rayon icra hakimiyyəti rəsmiləri lazımı tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Gecə saatlarından etibarən ərazidə polis postları qurulub. Bu gün səhər saatlarından etibarən binada köçürülmə işlərinin aparılacağı gözlənilir.