Mənzillərin qiyməti ucuzlaşdı

iqtisadiyyat
21-08-2015, 10:03 1040
Mənzillərin qiyməti ucuzlaşdı “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun apardığı araşdırmaya əsasən xəbər verir ki, orta təklif qiyməti kvadratmer üçün 1612 dollardan 1605 dollara düşüb. Milli valyuta ilə isə ay ərzində 1676 manatdan 1669 manata enib (0,43 faiz azalma). 2015-ci ilin ilk aylarından mənzil bazarında hiss edilən durğunluq iyul ayında da qeydə alınıb. Bu da əmlak bazarında qiymətlərin enməsi ilə yanaşı tələbin azalmasına gətirib çıxarıb. Həmçinin neftin qiymətinin ucuzlaşması və Rusiya iqtisadiyyatındakı durğunluq Bakının mənzil bazarına da mənfi təsir göstərib. Qiymət azalması 3 otaqlı mənzillərdə daha çox müşahidə edilir. 1 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət azalması 2 otaqlı mənzillərdən başqa digər müxtəlif otaqlı mənzillərdə baş verib. Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib. Ötən ayda layihələr üzrə qiymət azalması daha çox italyan və eksperimental layihələrdə qeydə alınıb. Qiymət artımı isə daha çox alman, fransız və leninqrad layihələrində hiss edilib. Mənzillərin orta sahəsi 82.6 kv.m, orta otaq göstəricisi isə 2.42 təşkil edir. Hər otağın orta satış qiyməti 54 661 ABŞ dolları, mənzilin orta qiyməti isə 132 280 ABŞ dolları təşkil edib. Ay ərzində rаyоnlаr üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun bаş vеrib. İyul ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Nəsimi, Yasamal və Nərimanov rayonları olub. Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “yeni tikili” layihəli 4 otaqlıda qeydə alınıb. “28 May” metro stansiyası yaxınlığında yerləşən 160 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4100 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Masazır qəsəbəsində yerləşən orta təmirli 72 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 1 otaqlı mənzildə qeydə alınıb - 580 dollar/kv.m. - See more at: http://axar.az/news/62087#sthash.FclsD8Fn.dpuf