Uşaqlarda qızdırma zamanı nə etməli?

sehiyye
21-08-2015, 09:57 1348
Uşaqlarda qızdırma zamanı nə etməli? Uşaqlarda 37,2 dərəcə hərarətin normal temperatur olduğu deyilir.
Mütəxəssislərin qənaətinə görə, 38,5 dərəcənin üstündə olan temperatur isə artıq həyəcan siqnalı deməkdir. Bir aylıq körpə 37,5 dərəcənin üstündə qızdırma keçirərsə, həkimə müraciət etmək lazımdır.
Qızdırmalı uşaqlarda 48 saat ərzində temperaturu aşağı salan preparatlardan istifadə etmək olar. Əgər temperatur aşağı düşməsə, mütləq həkimə getmək lazımdır.
39-40 dərəcə arası qızdırma isə körpənin huşunu itirməsinə və müalicənin çətinləşməsinə gətirib çıxara bilər.
övzu ilə bağlı Sağlam Ailə Mərkəzinin pediatrı Gülşən Həsənovanın fikirlərini öyrəndik. Xanım pediatr Axar.az-a açıqlamasında qızdırma zamanı görülməsi vacib olan tədbirlərdən danışdı:
“Qızdırma zamanı anaların atmalı olduğu ilk addım – fiziki soyutma metodunu yerinə yetirməkdir. Soyuq suda isladılmış bezi uşağın bədəninə çəkmək, imalə etmək və ya soyuq vanna qəbul etdirmək lazımdır.
Ümumiyyətlə, bir şeyi qeyd edim ki, valideynlərin çoxu qızdırmanın iki növünün olduğunu bilmir. Birinci növ qızdırmaya ağ qızdırma, ikincisinə isə qırmızı qızdırma deyilir.
Qırmızı qızdırma 39-40 dərəcəyə qədər yüksəlsə də, burada təhlükəli bir şey yoxdur. Çünki qırmızı qızdırma zamanı yüksək temperatur tər yolu ilə buxarlanaraq bədəndən çıxır. Ağ qızdırmada isə məsələ bir az mürəkkəb olur. Bu qızdırma növündə əllər, ayaqlar buz kimi soyuq olsa da, körpənin baş nahiyəsində yüksək temperatur olur. Belə olduğu halda təcili yardım çağırmaq mütləqdir.
Bir şeyi də qeyd edim ki, qızdırması olan uşaqları anaların qalın və isti geyindirməsi qətiyyən doğru deyil. Bəzən analar uşaq olan otaqda pəncərələri, qapıları bağlayır, körpəni qalın geyindirir və bununla ona kömək etdiyini düşünür, amma əksinədir. Valideynlər həmin anda uşağın bədən geyimini yüngül etməli, ona çoxlu maye içirməli, otağın temperaturunu və nəmliyini normal saxlamalıdır. Otağın havasını qurutmaq və 28 dərəcədən yüksək etmək birmənalı şəkildə yanlışdır. Çünki bu, daxili temperaturu qaldırır”.