Prezidentin 7 il əvvəl göndərdiyi qanun qəbul olunur

siyaset
2-03-2016, 10:08 1023
Prezidentin 7 il əvvəl göndərdiyi qanun qəbul olunur Milli Məclisin martın 4-də keçiriləcək iclasının gündəliyinə daha bir məsələ əlavə olunub. “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə AzVision.az-a açıqlamasında bildirib ki, 25 maddədən ibarət olan qanun layihəsi daha geniş məsələləri özündə ehtiva edir:
“Burada bütün məhkəmələrin qəbul etdiyi qərarların çap olunmasından və informasiya verilməsindən söhbət gedir. Onlar qəbul etdiyi hökmləri və digər məhkəmə aktlarını qanunla tələb olunan müddətdə özlərinin informasiya resuslarında yerləşdirməlidirlər. Vətəndaşlar həmin informasiyaları əldə etmək üçün məhkəmələrə və müvafiq icra hakimiyyətlərinə (Məhkəmə Hüquq Şurasına, Ədliyyə nazirliyinə) şifahi və yaxud da yazılı surətdə müraciət etmək hüququ qazanacaqlar.
Eyni zamanda qanun 7-ci maddəsində qeyd olunur ki, bu qanun tələblərinin pozulmasına görə vətəndaşların qanunu pozan tərəfdən şikayət etmək hüququ var. Bu hüquqdan istifadə edən vətəndaş qanunun 23-cü maddəsində göstərildiyi kimi Məhkəmə Hüquq Şurasının aparatına və yaxud da müvafiq icra hakimiyyəti orqanın rəhbərlərinə bu haqda şikayət edə bilər”.
Ç.Qənizadə bildirib ki, yeni qanun layihəsinə əsasən qısa zamanda məhkəmələrin qəbul etdiyi aktlar internet resuslarında yerləşdirilməlidir.
“Bütün aktlar 3 gün müddətinə, hökmlər isə qüvvəyə mindiyi gündən elektron resuslarda yerləşdiriləcək. Burada məhdudlaşdırıcı hallar nəzərdə tutulub. Bəzi hallarda dövlətin təhlükəsizliyi, vətəndaşın cinsi toxunulmazlığı, övladlığa götürmə və digər hallarda bu informasiyaların verilməsi qadağan edilir. Qalan hallarda hər bir vətəndaş, jurnalist istədiyi məhkəmədən onların işi, qəbul etdiyi aktların haqqında informasiya əldə edə biləcəklər. Qanunun 14-cü maddəsinə əsasən məlumatlar informasiya resuslarında yerləşdirilərkən həmin məhkəmədə iştirak edən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə şahidlərin və s. şəxslərin adlarını şəxslərlə eyniləşdirməklə bu məlumatlat gizlədilməli olacaq.
Məsələn, ad yerinə “X” işarəsi qoyulacaq ki, həmin şəxslərin şəxsiyyətlərinin toxunulmazlığı məsələsi gündəmdə qalsın və heç kimə problem yaradılmasın. Amma qəbul olunmuş aktların tam mətni, həmin işə baxan hakimlər haqqında kifayət qədər məlumat əldə etmək imkanı olacaq”.
Millət vəkili qeyd edib ki, vətəndaşlar Məhkəmə Hüquq Şurasına müraciət etməklə məhkəmələrdə işləmək üçün hakim vakansiya yerlərinin sayı, hansı sənədlərin təqdim olunması, məhkəmlərin strukturu, səlahiyyəti, məhkəmənin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının siyahısı və s. məsələlər haqqında informasiya əldə edə biləcək.
Deputat vurğulayıb ki, “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsi iyun ayının 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2009-cu ilin iyununda parlamentə daxil olan qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir.