Bu gündən I sinfə qəbul başlayır

tehsil
1-03-2016, 10:14 1006
Bu gündən I sinfə qəbul başlayır Qeydiyyatı sentyabrın 15-dək elektron sistemlə davam edəcək.
Bu gündən Bakının ümumtəhsil məktəblərinin I siniflərinə qəbul başlayır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.
Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı martın 1-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq. Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin inzibati rayonlarında fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılacaq.
Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 1-dən aprelin 5-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 13-dək həyata keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.