XOCALI

yazarlar
25-02-2016, 15:25 2963
XOCALI


























XOCALI

Səndən sonra, yuxularım acılı,
Körpələri odda yanan Xocalı...
Əzrayıl gətirdi vaxtsız əcəli,
Solub çəmənləri, solubdu bağlar,
O cənnətməkana ürəyim ağlar.

Yetişmədi arzuların toxumu,
Aparmısan gözlərimdən yuxumu.
Ömür bitdi, qalıb azmı-çoxumu,
Xocalım gedibdi, kimsəsiz dağlar,
O yerlərçün gözüm, ürəyim ağlar...

Xocalım, gözəllik əzəl canında,
Laləzar güllərin rəngi qanında,
Gəzmişik çiçəkli yaşıl donunda,
İzləri dağlarda əmanət saxlar,
O cənnətməkana ürəyim ağlar.

Yandı bu yoxluğa, həm qurum, yaşım,
Xocalımda getdi igidim, naşım.
Elə bu dərdlərə ağardı başım!!
Bəlkə də, qayıtmaz getdi o çağlar,
O yerlərçün gözüm, ürəyim ağlar...


XOCALI GÜLLƏRİ

Xocalımda yağı düşmən çapardı,
Minlərlə oğulu vaxtsız apardı.
Analar-bacılar şivən qopardı,
Amandı, yatmayaq, dur, ay qardaşım,
Oyan ay qohumum, ay vətəndaşım!!!

Neçə öpüş donub qaldı dodaqda,
Xocalı gülləri soldu budaqda,
Neçə baxış itib qaldı uzaqda,
Nə qədər səbr edək, dur ay sirdaşım,
Oyan ay qohumum, ay vətəndaşım!

Qoy ucalsın göyə haqqımın səsi,
Gül olsun Vətənin dağı-dərəsi.
Düşməni hürkütsün igid nərəsi,
Dur gedək irəli, dur ay qardaşım,
Oyan ay qohumum, ay vətəndaşım!

Mayisə Əsədullaqızı
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü