Bu gün su çərşənbəsidir

gundem
23-02-2016, 10:24 1438
Bu gün su çərşənbəsidir Xalqımız su ilə bağlı müxtəlif şənliklər keçirir...
Təbiəti canlandıran, hava ilə yanaşı insanların qəlbini də isidən yaz fəslinin astanasındayıq. Bu gün yazın ilk sorağını verən su çərşənbəsidir. Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi hesab olunur. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir.
Bu çərşənbə suya inanmaq inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını-bezarını ona verər, il boyu xəstəlikdən uzaq olar.
Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalı, şirniyyat, quru meyvələr düzülməlidir. Bu günün əsas yeməyi mərci plovdur. Eyni zamanda, su çərşənbəsində süfrənin bəzəyi lobya xörəkləri sayılır.
Azərbaycan Milli Elimlər Akademiyasının mərasim folklor şöbəsinin böyük elmi işçisi Atəş Əhmədov bildirir ki, qədim zamanlardan ilin bu vaxtında daha çox xəmir xörəklərinə də üstünlük verilib.
Su çərşənbəsinin spesifik yeməyi olaraq məhz hansı yeməyin bişirilməsindən danışarkən folklorşünas bunun bölgələrdən aslı olaraq dəyişdiyini bildirdi. Adət-ənənələrə toxunaraq Atəş Əhmədov onu da qeyd etdi ki, su çərşənbəsində səhər tezdən həyəti su çiləyirlər ki, il bərəkətli keçsin.
Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də birlikdə mehriban qarşılasınlar.
Novruz çərşənbələri özünün əyləncəli fal mərasimləri ilə də məşhurdur. Xüsusi ilə su çərşənbəsində qızların-qadınların bir araya gəlib baxdıqları fallar mövcuddur.
Fal həvəskarları lal axan su dərələrindən su gətirir, 2 iynənin arxasına pambıq bağlayıb suya buraxır. Əgər iynələr bir tərəfə getsə, deməli sevgililər qovuşacaqlar, əgər ayrı dayansalar deməli ümid yoxdur. Bəzi hallarda isə iynə suda batır bu isə lal vəziyyət adlandırılır.