Münaqişənin həll edilməsində uğursuzluq regionda ən böyük təhlükədir.

siyaset
19-02-2016, 14:57 769
Münaqişənin həll edilməsində uğursuzluq regionda ən böyük təhlükədir. Azərbaycan Respublikasının xarici işlər naziri üçtərəfli görüşdə çıxış edib.
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Mixeil Janelidze ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tiflis şəhərində keçirilən beşinci üçtərəfli görüşündə iştirak edən nazir E.Məmmədyarov Gürcüstanın xarici işlər naziri M.Janelidze ilə görüşüb.
Görüşdə iki ölkə arasında əlaqələrin mehriban qonşuluq və strateji tərəfdaşlıq zəminində inkişafından məmnunluq ifadə olunub.
Nazirlər birgə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizinin əsas xətləri olan TAP və TANAP layihələrinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin regional əməkdaşlığa daha da böyük töhfə verəcəyinə əminlik ifadə ediblər.
Görüşdə həmçinin, Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın hazırkı vəziyyətindən razılıq qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündə çıxışı edib.
Nazir bildirib ki, yüksək səviyyəli ikitərəfli və üçtərəfli münasibətlər, bu formatda keçirilən müntəzəm görüşlər ölkələrimiz arasında strateji əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır və müxtəlif sahələrdə əməkdaşlığımızın vəziyyətinin gözdən keçirilməsinə imkan yaradır.
Ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaq üçün əlverişli imkanlar yaradır. Ona görə də hesab edirik ki, bizim coğrafi məkanda nəqliyyat infrastrukturu, ələlxüsus kommunikasiya xətlərinin qarşılıqlı bağlılığı və infrastrukturun inkişafı əsas əməkdaşlıq sahələrindən biri olmalıdır.
Bildiyiniz kimi, Azərbaycan hər zaman Xəzərin enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılması üçün öz tranzit imkanlarını təklif etmişdir. BTC layihəsinin uğurla həyata keçirilməsindən sonra biz regionda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olmuşuq. Azərbaycan Cənub Qaz Dəhlizinin əsas xətləri olan Trans Anadolu Kəməri – TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı layihələrinin həyata keçirilməsi vasitəsilə Avrasiyanın ən əhəmiyyətli regionlarını birləşdirir. Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı Şərq-Qərb Dəhlizinin əsas seqmenti olacaqdır.
Bununla yanaşı, regionda sülhə və inkişafa maneələr də qalmaqdadır. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin təmin edilməsinə, eləcə də regionda sülhün və stabilliyin qorunması üçün təcavüzkar siyasətdən imtina edilməsinə ehtiyac vardır. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində uğursuzluq regionda sülh və təhlükəsizliyə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Özünün işğalçı siyasətinə görə Ermənistan bütün regional layihələrdən kənarda qalmışdır.