“Azərbaycan Qarabağ mövqeyini dəstəkləyirik”

siyaset
3-02-2016, 06:16 1106
“Azərbaycan Qarabağ mövqeyini dəstəkləyirik” Xarici işlər naziri Elmar Məmmədyarov yunanıstanlı həmkarı Nikos Kotziası qəbul edib.
“Yunanıstan Azərbaycanın tarixi tərəfdaşıdır. Biz Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin inkişafında maraqlıyıq.” Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Kotzias deyib.
Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri Nikos Kotziasla görüşüb. Görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.
Elmar Məmmədyarov Azərbaycan ilə Yunanıstan arasında kifayət qədər səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyib. Nazir yunanıstanlı həmkarı ilə görüşdə ikitərəfli və regional əməkdaşlığın inkişafı məsələlərinin müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, danışıqlar zamanı Avropa İttifaqı çərçivəsində əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi, energetika sahəsində əməkdaşlıq, həmçinin Avropada cərəyan edən proseslər diqqət mərkəzində olub.
Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin genişləndiyini bildirən xarici siyasət idarəsinin rəhbəri beynəlxalq təşkilatlarda da əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunduğunu vurğulayıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən nazir Nikos Kotzias keçirilən görüşlərin məhsuldar olacağına inandığını söyləyib. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi perspektivlərinə dair səmərəli müzakirələrin aparıldığını deyən nazir Yunanıstanın Azərbaycan qazını almağı planlaşdırdığını və artıq infrastrukturla bağlı məsələlərin həll edildiyini diqqətə çatdırıb. N.Kotzias vurğulayıb ki, Yunanıstan TAP layihəsindən istifadəni və Azərbaycan qazının Avropaya nəqlini özü üçün vacib hesab edir. O qeyd edib ki, TAP-ın reallaşdırılması Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm addımlardan biridir.
Nazir ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu diqqətə çatdırıb. O, Yunanıstanın Azərbaycanın tarixi tərəfdaşı olduğunu vurğulayıb. “Biz Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin inkişafında maraqlıyıq”, - deyə N.Kotzias əlavə edib.
Yunanıstanlı nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəsinin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib.