Prezidentdən sahibkarlara mühüm çağırış

gundem
27-01-2016, 06:05 1178
Prezidentdən sahibkarlara mühüm çağırış "Mən dəfələrlə demişəm, elə işləməliyik ki, sanki bizdə neft-qaz resursları yoxdur".
Sahibkarlar ölkə iqtisadiyyatına daha çox vəsait qoysunlar. Mən bilirəm, indi Azərbaycan sahibkarları xaricə də investisiya qoyurlar. Mən özüm də həmişə bunun tərəfdarı olmuşam, istəyirdim ki, bizim firmalar dünya bazarlarına çıxsınlar, onları tanısınlar.
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
İlham Əliyev deyib ki, o, həmişə, hətta xarici səfərlərdə Azərbaycan sahibkarlarını təbliğ edir, istəyir sahibkarlar xaricdə fəaliyyət göstərsinlər.
"Ancaq indiki şəraitdə sahibkarların əsas vəsaiti Azərbaycana qoyulmalıdır. Sahibkarlar, əlbəttə, məsuliyyətli olmalıdırlar, vergiləri tam ödəməlidirlər. Bunu etmək üçün vergi uçotu düzgün aparılmalıdır. Çünki bəzi hallarda sahibkarın yanına gəlib deyirlər ki, sən filan qədər verməlisən. Yəni, dövlətə verməlisən, mən bunu nəzərdə tuturam. Bəzən yəqin ki, başqa hallar da var. Amma bu da sahibkarları narahat edir. Çünki sahibkar əldə etdiyi gəlirə görə vergi verməlidir. Ona görə burada uçot ən vacib məsələdir. Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər və kənd təsərrüfatına, emal sənayesinə, sənaye materiallarının istehsalına vəsait qoymalıdırlar", - dövlət başçısı bildirib.
Prezident İlham Əliyev sahibkarlara neft-qaz resursları unutmağı tövsiyyə etdi.
"Mən dəfələrlə demişəm, elə işləməliyik ki, sanki bizdə neft-qaz resursları yoxdur. Əslində, indi neftin qiyməti belə vəziyyətə gətirib çıxarıb ki, elə bil doğrudan da belədir. Sözün düzü, biz hesablayırdıq ki, postneft dövrü Azərbaycanda 30-cu, 40-cı illərdən sonra başlayacaq. Çünki bizim bütün proqnozlarımız onu göstərir ki, hələ onilliklər bundan sonra Azərbaycanda neftin hasilatı təxminən sabit qalacaqdır. İki-üç ildən sonra reallaşacaq “Cənub” qaz dəhlizinin faydası da, əlbəttə ki, müəyyən dərəcədə 40-cı ildən sonra neftin tənəzzülünün qarşısını alacaq. Çünki biz bazara böyük qazla çıxacağıq.
Ancaq neftin qiyməti dörd dəfə aşağı düşdü və biz artıq bu gün postneft dövründə yaşayırıq. Biz qısa zaman çərçivəsində bu işləri görürük ki, insanlar bunu hiss etməsinlər. Ona görə bundan sonra islahat, şəffaflıq, məsuliyyət, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması - bütün bu amillər bizim dayanıqlı inkişafımızı təmin edəcək. Mən əminəm ki, Azərbaycan 2016-cı ildə və bundan sonrakı illərdə də uğurla inkişaf edəcəkdir. Biz müstəqillik yolu ilə, inkişaf yolu ilə gedirik. Bu yolda sizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram", - prezident vurğulayıb.
İlham Əliyev bildirib ki, indiki şəraiti nəzərə alaraq hesab edirəm ki, sahibkarlar da yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görə bilərlər: "Mənə verilən məlumata görə, son 12 il ərzində Azərbaycanda 70 mindən çox müəssisə yaradılmışdır və ümumiyyətlə, müəssisələrin sayı 100 minə yaxındır. Onların içində əlbəttə ki, böyük və kiçik müəssisələr var. Ancaq hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr onlar ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir".