Azərbaycanla əməkdaşlıq ATƏT üçün böyük əhəmiyyət kəsb edir

siyaset
26-01-2016, 06:16 802
Azərbaycanla əməkdaşlıq ATƏT üçün böyük əhəmiyyət kəsb edir “Bu səfər qarşılıqlı etimadı yenidən bərpa edə bilər”.
Ötən ilin noyabrında Bakıda keçirilmiş parlament seçkilərinə nümayəndə heyəti göndərməkdən imtina etməsi və Bakıda ofisinin bağlanmasından sonra ATƏT-lə Azərbaycan arasında münasibətlərdə soyuqluq müşahidə olunurdu.
Məhz bu hadisələrdən sonra bu gün ATƏT PA-nın nümayəndə heyətinin Bakıya səfəri və nələrin müzakirə ediləcəyi maraq kəsb edirdi. İlk olaraq ATƏT PA-nın sədri İlkka Kanervanın gələcəyi deyilsə də, sonradan onu sədr müavini Georgi Tseretelinin əvəz etməsi şübhə doğurur.
ANS TV-nin məlumatına görə, ATƏT Parlament Assambleyasının sədri İlkka Kanervanın Azərbaycana səfərini təxirə salma səbəbləri bəlli oldu.
Sədr müavini Georgi Tsereteli İlkka Kanervanın xəstəliyilə bağlı Bakıya səfər edə bilməməsini təəssüflə qeyd etdi. O, vurğuladı ki, ATƏT üçün Azərbaycanla əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Bu səfərlə ikitərəfli münasibətlərdə yeni səhifə açılır. Baxmayaraq ki, münasibətlərə inciklik var idi.
ATƏT nümayəndələri ötən ilin noyabrda keçirlən seçkiləri müşahidəçi göndərməmişdi. ATƏT Bakı ofisi fəaliyyəti Azərbaycan hökuməti tərəfindən dondurulub. Minsk qrupu isə 20 ildən artıqdır ki, Qarabağ məsələsinin həlli ilə bağlı fəaliyyətsizdir.
“ATƏT PA sədri gələ bilməsə də, onu burada iki müavini, böyük nümayəndə heyəti təmsil edir. Bu səfər Azərbaycanın ümumilikdə regionun nə qədər bizim üçün əhəmiyyət kəsb etdiyini göstərir. Biz əməkdaşlığın davam etdirilməsində maraqlıyıq”, – deyə Georgi Tsereteli bidirib.
Kanevra yaxın vaxtlar Azərbaycan üzrə nümayəndə də təyin edəcək. Bunu isə ATƏT PA baş katibi Roberto Montella bildirdi.
ATƏT nümayəndələrinin Milli Məclisin spikeri Oqtay Əsədovla görüşündə qeyd olundu ki, bu səfər qarşılıqlı etimadı yenidən bərpa edə bilər.
Spiker vurğuladı ki, təzyiq və təhdid heç bir halda əlaqlərin inkişafına təkan verə bilməz. Qarşılıqlı inam və dialoq yalnız münasibətlərin dərinləşməsinə kömək edə bilər.
ATƏT nümayəndələri isə dedi ki, biz heç də münasibətləri sıfırdan başlamırıq, baxmayaraq ki, müəyyən vaxtlar xoşagəlməz hallar olub. Bu səfərin məqsədi əməkdaşlığın dərinləşməsidir.
ATƏT PA nümayəndələrini prezident İlham Əliyev də qəbul edib.
Sədr müavini Georgi Tsereteli ATƏT-in həyata keçirdiyi layihələrdə Azərbaycanın iştirakına görə dövlət başçısına minnətdarlığını ifadə edib. İkitərfli əməkdaşlığın konstruktiv və anlaşma ruhunda yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını deyib.
Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.