Ukrayna millisinin sabiq üzvü "Qəbələ"də

idman
26-01-2016, 06:12 1086
Ukrayna millisinin sabiq üzvü "Qəbələ"də Pavel Paşayev Ukraynada doğulsa da, atası Vaqif azərbaycanlıdır.
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk baxışda olan futbolçulardan biri ilə bağlı qərar verib.
Ukraynalı mütəxəssis Pavel Paşayevdən razı qalıb.
Milli komandamızın üzvü komandanın Antalya toplanışında və yoxlama oyunlarında iştirak edib. Qriqorçuk rəhbərlikdən onunla müqavilə bağlanmasını istəyib.
Ukraynada dünyaya gələn Pavel Paşayevin son iş yeri Zaparoji "Metallurq"u olub. O, 2014-cü ildən çıxış etdiyi klubun heyətində 33 oyuna çıxıb. 28 yaşlı müdafiəçi əvvəllər "Dnepr", "Krivbas" və "Karpatı" klublarında çıxış edib. Ukraynanın U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çağırılan Paşayev 2009-cu ildə bu ölkənin millisində 2 oyun keçirib. Bu ildən isə o, əsas milli komandamıza dəvət alır. 28 yaşlı Pavel Paşayev Ukraynada doğulsa da, atası Vaqif azərbaycanlıdır. O, 6 il əvvəl Ukrayna millisi ilə Slovakiya və Serbiya yığmalarına qarşı oynasa da, bunlar qeyri-rəsmi görüşlər olub.
Qeyd edək ki, əslən azərbaycanlı olan Pavel Paşayev keçən il may ayında AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmişdi, bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Ukrayna Futbol Federasiyası bildirmişdi ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb. Bundan sonra AFFA onun müvafiq qaydalara uyğun olaraq millimizdə çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamışdı.
Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Pavel Paşayevin FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.