İYRƏNC ALVER! Bakıda doğum evi körpəni 10 minə satdı!

hadise
19-08-2015, 12:44 880
İYRƏNC ALVER! Bakıda doğum evi körpəni 10 minə satdı! Doğum Evində anasının imtina etdiyi körpəni iki aydan sonra 10000 manata satıblar.
Editor.az xəbər verir ki, "Bizim Dövr" qəzetinin redaksiyasına Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntularına dair məlumatlar daxil olmaqda davam edir. Məlum olduğu kimi artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində aldığımız həmin məlumatlar əsasında hazırladığımız materiallar dərc olunur. Bununla belə, təqdim edilən hər yeni açıqlama da bizi heyrətləndirməkdə sanki özündən əvvəlki məlumatla "bəhsə girir". Həqiqətən də bəzən aldığımız məlumatlarda elə faktlar təqdim olunur ki, onları ötürən mənbənin etibarlılığına və verdiyi informasiyanın hər kəlməsinə görə tam məsuliyyət daşımağa hazır olmasına rəğmən, biz həmin məlumatın dürüstlüyünə əmin olmaq üçün onların digər qaynaqlar tərəfindən də təsdiqinə nail olmağa çalışırıq. Və yalnız bundan sonra aldığımız məlumatı geniş ictimaiyyətə təqdim edirik. Təbii ki, Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində "sıravi" qanun pozuntuları da kifayət qədərdir.
Məsələn, məlumatlardan birində göstərilir ki, müəssisənin Ginekologiya şöbəsinin müdiri həkim-cərrah Natiq Əliyev istənilən hər hansı bir əməliyyatı 500-600 manata həyata keçirir. Əlbəttə, bu iddia kifayət qədər ciddi ittihamdır və istər Sumqayıt Şəhər Səhiyyə İdarəsinin, istərsə də digər aidiyyatı olan qurumların bu xüsusda məsələyə müdaxiləsi olduqca arzuedilən olardı. Lakin digər tərəfdən, əminliklə demək olar ki, istənilən gənc ana yeni dünyaya gətirdiyi körpəsinin sağlamlığı üçün bütün var-dövlətindən belə keçməyə razı olar, amma övladına hər-hansı infeksion virus daşıyıcısı olan şəxslər tərəfindən hətta pulsuz tibbi xidmət göstərilməsinə yol verməz. Əlbəttə ki, əgər ananın bundan xəbəri olarsa. Bəs əgər olmazsa? Əgər olmazsa, bu zaman körpənin doğuşdan ta ki, evinə yollanacaq günə qədər belə insanlarla təmasda olmayacağına məhz uşağın dünyaya gəldiyi doğum evinin rəhbərliyi zəmanət verməlidir. Amma aldığımız açıqlamalardan belə məlum olur ki, Sumqayıt şəhər 1 saylı Doğum Evinin rəhbəri Sevda İsgəndərli heç kəsə belə bir zəmanət vermir. Əksinə, iddiaya görə, bu tibb müəssisəsində bəzi əməkdaşların hətta virus daşıyıcıları olmaları faktı ciddi-cəhdlə gizlədilir.
Belə ki, aldığımız məlumata görə, hal-hazırda 1 saylı Doğum Evində bilavasitə körpələrlə daimi təmasda olan iki tibb bacısı, Şəhla və Nurlanə Musayevalar məhz Hepatit B virusunun daşıyıcılarıdırlar. Əlbəttə ki, heç kəs istənilən bir xəstəlikdən sığortalanmayıb. Və virus daşıyıcısı olmaq səbəbilə heç bir kəs dolğun həyat yaşamaq imkanlarından məhrum edilə bilməz. Lakin burada söhbət həmin şəxslərin məhz uşaq səhiyyə müəssisəsində, həm də doğum evində işləmələrindən gedir ki, bu da zənnimizcə, qətiyyən yolverilməzdir! Aldığımız digər bir məlumatda isə, söhbət nə az-nə çox, birbaşa insan alverindən gedir. Belə ki, açıqlama verən mənbə 1 saylı Doğum Evinin rəhbərliyini uşaq satmaqda ittiham edir. Bu xüsusda məlumatda bildirilir ki, 2015-ci il yanvar ayının 14-də Fəridə Mirzəyeva adlı bir gənc qadın bu müəssisədə dünyaya bir oğlan uşağı gətirib. Lakin doğuşdan sonra bu gənc ana naməlum səbəblərdən öz övladından imtina edib və körpəni doğum evində qoyaraq, onu tərk edib. Qanunlara görə, belə hallarda körpə uşaq evinə təhvil verilməlidir. Lakin 1 saylı Doğum Evində Mikayıl adı verilmiş bu uşağı düz iki ay saxlayırlar. İki aydan sonra isə uşağa "müştəri" çıxır və 10 min manat müqabilində Mikayılı alır. Təbii ki, bu uşağın gələcək taleyinin uğurlu olacağı barədə biz yalnız dua edə bilərik. Lakin istənilən halda bu əməlin ağır cinayət əməli olduğu birmənalıdır. Gördüyünüz kimi, Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində müşahidə olunan qanun pozuntularını həqiqətən də ciddi adlandırmaq olar. Bununla belə, bu səhiyyə müəssisəsi bu günə qədər sanki heç bir hadisə baş verməyib kimi, öz şübhəli fəaliyyətinə hələ də davam etməkdədir...
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənmək məqsədilə dəfələrlə Doğum Evinə zəng etsək də, hələlik buna nail ola bilməmişik. İstənilən vaxt onların da mövqeyini dərc etməyə hazırıq.