» » “İsmayıl Şıxlının oğlu olmasaydım...”


“İsmayıl Şıxlının oğlu olmasaydım...”

22-01-2016, 06:07
Oxunub: 917
Çap et
“İsmayıl Şıxlının oğlu olmasaydım...” Elçin Şıxlı ilə müsahibə Jurnalistlər Birliyində, onun şəxsi kabinetində baş tutdu. Elçin müəllim bütün suallara izahlı şəkildə, insanların həyatından görüb-götürdüyü və tarixi hadisələrdən oxuduğu, eşitdiyi misallarla aydınlıq gətirdi.
Mərhum xalq yazıçısı İsmayıl Şıxlının oğlu, jurnalist Elçin Şıxlı ilə müsahibəni təqdim edir.
Məşhur yazıçı qədər...
- Elçin müəllim, nədənsə sizin adınız gəldikdə dərhal göz önünə mərhum atanız, görkəmli yazıçımız İsmayıl Şıxlı gəlir. Ümumiyyətlə, Elçin Şıxlının həyat və yaradıcılığında atasının imzası, rolu olubmu, yoxsa bütün nailiyyətlərdə öz imzası var?
- Atamın sağlığında mənəvi dəstəyi çox olub. Zamanında adım onun adı ilə yanaşı səslənəndə çəkinirdim, istəyirdim ki, məni özümə görə tanısınlar. Amma indi onun adı səsləndikdə yalnız qürur hissi keçirirəm. Bir məsələni də vurğulayım ki, İsmayıl Şıxlının oğlu olmasaydım, ola bilər ki, zamanında çərçivəmdən çıxardım, normal tərbiyə və savadla cəmiyyət üçün formalaşa bilməzdim. Atam bizə - qardaşım Fərrux və mənə mərd olmağı, heç kəsin pisliyinə pisliklə cavab verməməyi tövsiyə edərdi.
- Məsləhətləri sizin yardımçınız olurmu və çətin anlarınızda onun yoxluğunu nə dərəcədə hiss edirsiniz?
- Ən çətin məqamımda onun yoxluğu həqiqətən özünü göstərir, amma mən atamla sanki “dialoq” quraraq, onunla məsləhətləşirəm. Xasiyyətimiz oxşar olduğundan, qısa zaman çərçivəsində onun vəziyyətdən hansı çıxış yolu tapacağını asanlıqla təyin edirəm. İsmayıl Şıxlı hədsiz yaxşı xarakterə malik olub. Olduqca xeyirxah və alicənab idi. Atama dəfələrlə pislik edən insanların bir gün yenidən ona işi düşdükdə, heç nə olmamış kimi, əvvəlki mehribanlıq və xeyirxahlıqla sözügedən nanəcibə yenidən yaxşılıq edərdi. Hərdən onun belə etməsini anlamadığımı bildirəndə cavabında həmişə deyərdi ki, mən başqa cür hərəkət etmiş olsam, bu mən olmaram. Bu qədər gözəl insan idi!
- Atanızın hansı romanında özünüzü tapırsınız?
- Mən məşhur “Dəli Kür”dən daha çox “Ölən dünyam” əsərini sevirəm və özümü məhz burada tapıram.
- Elçin müəllim, yazıçı olmaq və ya indiyə qədər hər hansı bir roman yazmaq ağlınızdan keçibmi?
- Əslində, uzun illər özümü həsr etdiyim jurnalistika da yaradıcılığın bir qoludur. Yazıçı olmağa gəlincə, indi bundan asan iş yoxdur. Oturursan, bir qələm də alıb əlinə yazırsan, olur roman. (gülür)

- Amma yazıçı peşəsi dünyada ən çətin peşələrdən biridir.
- Zarafat edirdim. Yazıçı olmaq çox çətin və məsuliyyətli işdir. Hər halda əgər mən yazıçı olsaydım, atamdan zəif əsərlər yazacaqdım – onun renomesini qoruya bilməyəcəkdim. Ola bilər ki, məhz bu fikir məni yazıçı olmaqdan daşındırdı.
“Ayna” çoxlarının güzgüsü idi...
- Baş redaktoru olduğunuz məşhur “Ayna” (“Zerkalo”) qəzetinin nəşri dayandırılıb. Nə zamansa yenidən qəzetin yayımına başlamağı düşünürsünüzmü?
- Yox. Qətiyyən.
- Səbəbini bilmək olarmı?
- Səbəbi çoxdur. Birincisi, mən öz işçilərimi qorumaq məqsədilə bu addımı atdım.
İkinci səbəb satış və reklam ilə bağlıdır ki, burada da vəziyyət, ən azından, ürəkaçan deyil. Reklam bazarı yalnız liberal iqtisadiyyat və ədalətli rəqabət şəraitində inkişaf edə bilər. Bizdə isə buna süni inhisarlaşma imkan vermir. Bir yandan da maariflənmə, qiraət mədəniyyəti yox səviyyəsindədir. Vaxtı ilə bəyənmədiyimiz sovet dövründə tək bir Bakıda 400-ə yaxın kitab mağazası fəaliyyət göstərirdi. İndi isə bütün şəhəri gəzsək, bir və ya iki mağazaya rast gələ bilərik.
Yüksək vəzifə uğrunda...
- Hansı vəzifəyə sahib olmaq istərdiniz?
- Heç bir vəzifə sahibi olmaq istəməzdim. Nə də vəzifə uğrunda hər hansı bir qurban verərdim, çünki vəzifə buna dəyməz. Amma Azərbaycanın bu çətin durumunda istərdim ki, hər hansı bir işin qulpundan yapışım və köməklik edim. Deməsinlər ki, ancaq boş-boş danışır. Yəni düşüncə və fikirlərimdən bəhrələnmək mümkün olsun. Bizim də millətə bir xeyrimiz dəysin.
- Son zamanlar əhali arasında intiharlar artıb, sifarişlə həyata keçirilən qətl halları və sairə. Evlənən gəncləri sevgi deyil, yalnız uzun sürməyən maddi maraqlar bağlayır. Sizcə, bütün bu dəhşətdən qurtulmağın yolu nədədir?
- Həyat yoldaşımla uzun illər nişanlı qalmağımıza baxmayaraq, evləndikdən və müstəqil həyata başladıqdan sonra hələ bir xeyli bir- birimizin xasiyyətinə uyğunlaşmalı olduq. Bəzən elə məqamlar olurdu ki, sanki iki yad adamıq, amma biz bir-birimizi sevirdik və məhz sevgidən doğan güzəşt nəticəsində uzun illərdir ki, ailəmizi qoruyub saxlaya bilmişik. Düşünürəm ki, cavanlarda sevgi çatışmır. Sevgi olan yerdə güzəşt də olur, hörmət də, mərhəmət də. Elə zənnimcə, insanları bütün dəhşətli hadisələrdən məhz sevgi və mərhəmət xilas edə bilər. Həm də ailədəki nizam-intizam amili böyük rol oynayır. Ailədə valideynlər arasında hörmət və anlayış varsa, övlad cəmiyyətə yararlı və tərbiyəli olaraq inkişaf edəcək.
- Övladlarınız sizin yolunuzu davam etdirirmi?
- İki oğlum var. Onlar başqa sahələrə maraq göstərdilər. Mənim üçün ən vacibi onların əsl insan kimi yetişmələridir.
- Xalqımıza nəyi arzu edərdiniz?
- Firavanlıq, xoşbəxt həyat. İstərdim ki, doğma şəhərimin küçələrində gəzəndə yalnız xoşbəxtlikdən gülümsəyən simalarla qarşılaşım, insanların üzündən təbəssüm əksik olmasın.
Reytinq: